Milli Məclisin komissiya sədri: ““Şou-biznes haqqında” qanun hazırlanmayacaq”

Milli Məclisin komissiya sədri: ““Şou-biznes haqqında” qanun hazırlanmayacaq”
# 04 avqust 2008 09:56 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Biz şou-biznes haqqında qanun hazırlamaqdan imtina etdik, yəni belə bir qanun olmayacaq. Milli Məclisin mədəniyyət komissiyası şou-bizneslə bağlı vaxtaşırı fikrini deyir. Bu barədə “Mədəniyyət haqqında qanun”da ayrıca maddələr olacaq. Biz indi bu qanunun üzərində işləyirik”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov deyib. O, “Mədəniyyət haqqında qanun”un genişləndiriləcəyini bildirib: “Bu qanun təxminən 10 il əvvəl qəbul olunub, burada elə məsələlər var ki, artıq köhnəlib. Mədəniyyət prosesləri, mədəniyyət münasibətləri, mədəniyyət hüququ kimi müasir məsələlər qanunda əks olunmayıb. Yeni qanunda şou-bizneslə bağlı da bir neçə maddə olacaq. Bizim şou-biznesdə müğənnilərin aparıcılıq etməsi, filmlərə çəkilməsi, şərhçilik eləməsi kimi yeniliklər var. Bu addımlar sırf mütəxəssislər tərəfindən təhlil olunmalıdır”. N. Cəfərovun sözlərinə görə, belə məsələlərlə bu yaxınlardan etibarən Mədəniyyət və Turizm Nazirliyi məşğul olacaq: “Yəni bu nazirlik bizim qanunların əsas icra orqanıdır. Qanunlarda aparıcı göstərişlər ola bilər. Yerdə qalan proseslərlə - Prodüser Mərkəzləri ilə, televiziyalarla, xüsusən incəsənət verilişləri ilə nazirlik ayrıca məşğul olmalıdır. Bunun da prinsipləri hazırlanır. Məsələn, açılan hər məktəb Təhsil Nazirliyinin proqramı əsasında fəaliyyət göstərir, heç kimin özünün təhsil proqramı ola bilməz. Bizim dövlətin də ümumi bir mədəniyyət proqramı olmalı, Mədəniyyət Və Turizm Nazirliyi də bu məsələyə cavabdehlik daşımalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR