Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan efirində yayımlanan şou-proqramlara münasibət bildirəcək

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan efirində yayımlanan şou-proqramlara münasibət bildirəcək
# 05 avqust 2008 10:34 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı – APA. “Televiziya proqramları bir-iki nəfərin yox, minlərlə insanın zövqünü formalaşdırır. Televiziya təbliğat, təşviqat, tərbiyə vasitəsidir. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyi telekanalların, radioların səviyyəsinə, şou-proqramlara münasibət bildirəcək”. Bu sözləri APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin incəsənət sektorunun rəhbəri Fərəh Əliyeva deyib. O, aparıcıların səviyyəsinin birbaşa həmin televiziyanın, radionun səviyyəsi və zövqünün göstəricisi olduğunu bildirib: “Dövlət tədbirlərində aparıcıların nitqinə, geyiminə heç kimin iradı ola bilməz. Belə tədbirlərdə biz səviyyəni saxlayırıq. İctimaiyyət konkret proqramla bağlı iradlarını həmin telekanalın rəhbərliyinə bildirməlidir”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Qafar Cəbiyev isə telekanallarda aparıcıların, müğənnilərin geyiminə qarışmadıqlarını söyləyib: “Bizim televiziya yayımı haqqında qanunumuz beynəlxalq təşkilatların rəyi əsasında hazırlanmış sənəddir və Avropada qüvvədə olan analoji qanunların hamısından daha liberaldır. Yəni ola bilsin ki, hər hansı ölkədə müəyyən qadağalar var, amma Azərbaycan qanunvericiliyinə əsasən şura bu məsələlərə müdaxilə etmir”. Q. Cəbiyevin sözlərinə görə, dövlət dilindən istifadə, milli-mənəvi dəyərlərlə bağlı ifratçılıq olduqda MTRŞ məsələyə qarışa bilər.

Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov komissiyada hazırlanan “Mədəniyyət haqqında qanun”da şou-bizneslə bağlı maddələrin də olacağını vurğulayıb: “Azərbaycan dövlətinin vahid mədəniyyət siyasəti var. Yəni biz bilirik ki, nəyi demək, göstərmək olar. Başqa sözlə, ümumi bəşəri qanunlarla yanaşı, milli mentalitetimiz də var. Təbii ki, Azərbaycan mədəniyyətinin milli mentalitetimizə uyğun şəkildə təbliğinə Mədəniyyət və Turizm Nazirliyi cavabdehdir. Bu nazirliyin xüsusi təlimatları olmalıdır və televiziyalara göndərilməlidir. Digər tərəfdən, televiziya, musiqi, kino, sənət, incəsənət, jurnalistika, publisistika üzrə mütəxəssislər müğənnilərin aparıcılığına və şərhçiliyinə, filmlərə münasibət bildirməlidirlər”. N. Cəfərov mütəxəssis rəyinin önəmini xüsusi qabardıb: “Bizim mütəxəssislərimiz orda-burda, daldada fikir söyləməklə, gileylənməklə kifayətlənməsinlər. Efirimizin səviyyəsi ilə bağlı ardıcıl çıxışlar bir ictimai təzyiqdir. İctimai təzyiq olmasa, heç bir qanun, təlimat mövcud çatışmazlıqların öhdəsindən gələ bilməyəcək. Gənclər və İdman Nazirliyi də bu məsələdə öz sözünü deməlidir, çünki müxtəlif şou-proqramlar əsasən gəncliyə təsir edir”. Söhbətin konkret hansısa müğənnidən getmədiyini deyən N. Cəfərov bir çox müqəddəs dəyərlərin əslində bəşəri olduğunu söyləyib: “İndiyə qədər ictimai təzyiq faktoru kimi Aygün Kazımovanın, Röyanın və ya Nisə Qasımovanın aparıcılığı ilə bağlı heç bir ciddi mütəxəssis fikir bildirməyib. Hər kəs deyir ki, şou-biznes mənəviyyatsızlıq, zövqsüzlük təbliğ edir, amma nəticə etibarilə hamı susmaqla onları müdafiə edir. Milli Məclisin mədəniyyət komissiyası kimi məsuliyyətdən qaçmırıq, biz də lazımi məsələləri müzakirə edirik. Amma qanunvericilikdə mənəviyyat məsələsinə dair hər hansı sərt tədbir nəzərdə tutulmayıb. Məncə sənət və peşəkarlıq məsələləri ilə bağlı xüsusi komissiyanın yaradılmasına ehtiyac var, vəziyyət bu şəkildə davam edə bilməz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR