Drezdendə “Muğam axşamı” təşkil olunacaq

Drezdendə “Muğam axşamı” təşkil olunacaq
# 27 avqust 2008 10:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Almaniyada Azərbaycan Cəmiyyəti “Alm.Az”ın təşəbbüsü ilə Drezdendə “Muğam axşamı” təşkil olunacaq. Cəmiyyətin sədri Ağahüseyn Babayev APA-ya deyib ki, oktyabr ayı üçün planlaşdırılan bu tədbir Drezdenin ən böyük konsert salonlarından birində keçiriləcək. Bununla bərabər cəmiyyətin təşəbbüsü ilə Drezdendə Azərbaycan filmlərinin nümayişi həyata keçiriləcək. Cəmiyyət sədri bildirib ki, bu il üçün planlaşdırılan layihənin proqramına əsasən Qarabağa həsr olunmuş filmlər salınacaq: “Sədri olduğum cəmiyyət çox qısa zamandır ki, fəaliyyətə başlayıb. Ancaq fəaliyyətə başladığımız gündən Azərbaycan mədəniyyətinin təbliğatı üçün çalışırıq. Elə bu ilin sonuna kimi də artıq bir neçə layihənin həyata keçirilməsini qarşımıza məqsəd qoymuşuq. Fəaliyyətimizin əsas məqsədi mədəniyyət, idman sahəsinin təbliğ olunmasıdır”. A. Babayev deyib ki, oktyabrın sonlarında Azərbaycanın milli geyimləri və qədim xalçaları da Drezdendə sərgilənəcək. Bu tədbirlərin Mədəniyyət və Turizm Nazirliyinin yardımı ilə həyata keçiriləcəyini vurğulayan cəmiyyət sədri qısa müddətdə Azərbaycan mədəniyyətinin bütün istiqamətlərinin Almaniyada yüksək səviyyədə tanınacağına inandığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR