Belarusda yaşayan Günəş Abbasova Bakıda konsert verəcək

Belarusda yaşayan Günəş Abbasova Bakıda konsert verəcək
# 16 oktyabr 2008 15:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 22-24-də Azərbaycanda Belarus Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya deyib ki, bu münasibətlə Belarusun mədəniyyət nazirinin müavini Qridyuşko Vladimir Pavloviçin rəhbərliyi altında 80 nəfərlik nümayəndə heyəti Azərbaycana gələcək. Rəsmi nümayəndə heyətinin tərkibində Belarus Milli Akademik Böyük Balet Teatrının direktoru və bədii rəhbəri Yelizaryev Valentin Nikolayeviç, Mədəniyyət Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Kajuro Mixail Viktoroviç, Belarus Dövlət Rəqs Kollektivi, “Syabrı” ansamblı, İrina Dorofeyevanın Mahnı Teatrı, beynəlxalq müsabiqələr laureatı Günəş Abbasova, Uşaq “Eurovision” müsabiqəsinin qalibi Kseniya Sitnik, beynəlxalq müsabiqələr laureatı Pyotr Yelfimov, konsertin aparıcısı Yelena Spiridoviç, “Belteleradio” şirkətinin çəkiliş qrupu və başqaları təmsil olunacaqlar. Nümayəndə heyətinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü nəzərdə tutulur. Mədəniyyət günləri çərçivəsində Belarusun xalq rəssamı Q.X. Vaşşenkonun fərdi sərgisinin keçirilməsi, Azərbaycan Kinematoqrafçılar İttifaqında “Qara pişiyin belində” və “Vətən qalxanı” filmlərinin nümayişi, Mahnı Teatrında İrina Dorofeyevanın Mahnı Teatrının konserti keçiriləcək. Mədəniyyət günlərinin açılış mərasimi isə oktyabrın 22-də Dövlət Musiqili Komediya Teatrında baş tutacaq. Dörd gün müddətində Belarus nümayəndə heyətinin Sumqayıt şəhərində də çıxışı planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR