“Qaya” haqqında çəkilən sənədli film montaj prosesindədir

“Qaya” haqqında çəkilən sənədli film montaj prosesindədir
# 21 oktyabr 2008 10:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın ən məşhur ansambllarından biri olan “Qaya” haqqında çəkilən sənədli film hazırda montaj prosesindədir. Filmin rejissoru və ssenari müəllifi Cavid İmamverdiyev APA-ya bildirib ki, filmdə ansambl haqqında çox maraqlı məlumatlar yer alıb: “Ansambl haqqında çoxlu məlumatlar toplamışıq, maraqlı tapıntılarımız var. Ona görə də film bir saatdan artıq və ikiseriyalı olacaq”. C. İmamverdiyev “Qaya”nın Mahaçqalada yarandığını və ilk vaxtlar “Qunik” adı altında fəaliyyət göstərdiyini məhz çəkiliş zamanı öyrəndiyini deyib: “Ansamblın Mahaçqalada fəaliyyətə başladığı bir çoxları kimi mənə də məlum deyildi. Qısa müddətdə SSRİ-də uğur qazanan “Qunik” qrupu həmin illər Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ölkəyə dəvət olunub. O vaxtkı mədəniyyət naziri Azərbaycan vətəndaşlarından ibarət olan qrupu ölkəyə dəvət edərək burada fəaliyyət göstərmələrini istəyib. Bundan sonra ansambl Azərbaycanda “Qaya” adı altında fəaliyyətə başlayır və daha da şöhrətlənir”.

Rejissorun sözlərinə görə, filmdə Larisa Dolina, Polad Bülbüloğlu, Yuli Qusman, Vaxtanq Kikabidze və digərləri “Qaya” haqqında ürək sözlərini ifadə ediblər: “Müraciət etdiyimiz hər tanınmış insan bu ansambl haqqında danışmağa razılıq verdi”.

Qeyd edək ki, “Yaddaş” studiyasında istehsal olunacaq “Qaya” filminin ssenari müəllifləri Cavid İmamverdiyev və Natella İmamverdiyeva, operatoru Adil Abbasdır. Film bu ilin sonuna kimi təhvil veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR