Xalça ustası Lətif Kərimovun anadan olmasının ildönümünə həsr olunmuş tədbir keçirilib

Xalça ustası Lətif Kərimovun anadan olmasının ildönümünə həsr olunmuş tədbir keçirilib
# 17 noyabr 2008 09:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Lətif Kərimovun anadan olmasının ildönümü münasibəti ilə “Ömrün naxışları” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru Röya Tağıyeva Lətif Kərimovun həyat və yaradıcılığından danışıb. O, Azərbaycan xalçaçılıq sənətinin inkişafında, dünyaya çatdırılmasında Lətif Kərimovun xüsusi rolunun olduğunu vurğulayıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Ənvər Qarayev isə L. Kərimovun müəllifi olduğu üç cildlik “Azərbaycan xalçası” kitabının xalça sənətinin hərtərəfli tədqiqinə həsr edildiyini bildirib: “Dünyada həmçinin ilk xalça muzeyinin Azərbaycanda açılmasında Lətif Kərimovun böyük zəhməti olub. Hal-hazırda muzey bu dahi şəxsiyyətin adını daşıyır”. “Lətif Kərimov adına Azərbaycan xalçaçılığının inkişafı fondu” İctimai Birliyinin prezidenti Eldar Hüseynov, Rəssamlıq Akademiyasının dekorativ tətbiqi sənət kafedrasının müəllimi Məmmədhüseyn Hüseynov, xalçaçı-rəssam Eldar Mikayılov və başqaları L. Kərimovla bağlı xatirələrini danışıblar. Tədbirdə Lətif Kərimovun müəllifi olduğu xalçalardan, eskizlərdən, şəxsi əşyalardan ibarət “İlmələrin nəğməsi” adlı sərgi və “Ömrün naxışları” adlı film də nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR