Milli Kitabxananın 85 illik yubiley mərasimi keçirilib

Milli Kitabxananın 85 illik yubiley mərasimi keçirilib
# 17 noyabr 2008 13:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva- APA. Bu gün Musiqili Komediya Teatrında Mirzə Fətəli Axundov adına Milli Kitabxananın yaradılmasının 85 illik yubiley mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə prezidenti İlham Əliyevin Avrasiya Kitabxanalar Assambleyasının 10-cu illik və türkdilli ölkələrin milli kitabxana direktorlarının ikinci konfransının iştirakçılarına təbrik məktubunu oxuyub. Nazir bildirib ki, hazırda Azərbaycan tarixi və ədəbiyyatı ilə bağlı olan əsərlərin dünya bazarına çıxarılmasına böyük ehtiyac var, ona görə də Milli Kitabxananın kitab fondunun rəqəmli daşıyıcılara köçürülməsi və internet məkanına daxil edilməsi çox mühümdür. Ə. Qarayev Azərbaycan dövlətinin bu prosesin arxasında dayandığını bildirib. Nazir həmçinin bildirib ki, gələn ilin əvvəllərindən Milli Kitabxananın yenidən qurulmasına başlanılacaq. Onun sözlərinə görə, artıq bu məqsədlə layihə hazırlanıb. Milli Kitabxananın yenidən qurulmasında digər ölkələrin təcrübəsindən istifadə olunacaq. Daha sonra Ə. Qarayev kitabxananın 10 işçisinə nazirliyinin fəxri fərmanlarını təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR