Türkdilli ölkələrin musiqisini təbliğ edəcək Türk Musiqi Birliyi kanalı dekabrda fəaliyyətə başlayacaq

Türkdilli ölkələrin musiqisini təbliğ edəcək Türk Musiqi Birliyi  kanalı dekabrda fəaliyyətə başlayacaq
# 19 noyabr 2008 13:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkdilli ölkələrin musiqisini təbliğ edəcək Türk Musiqi Birliyi (TMB) kanalı dekabrda fəaliyyətə başlayacaq. APA-nın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında telekanalının sahibi Naim Buran Elçi deyib ki, kanalın açılması ilə bağlı artıq bütün türk dövlətləri ilə danışıqlar aparılıb: “Yeni kanal Türkiyə və Azərbaycan da daxil olmaqla 17 türk cümhuriyyətində yayımlanacaq. Hazırda Türkiyədə çoxlu musiqi kanalları var. Azərbaycan da daxil olmaqla türk cümhuriyyətlərində belə kanallar yoxdur. Yeni kanal türkdilli ölkələrdə musiqi birliyi qurmaqla, onlar arasında əlaqələri daha da möhkəmləndirəcək. Azərbaycanın çox dərin musiqisi var və bu musiqinin başqaları tərəfindən mənimsənilməməsi üçün təbliğat işinə böyük ehtiyac duyulur. Elə bizim əsas məqsədimiz də ermənilərin özününküləşdirdiyi Azərbaycan mahnılarının Azərbaycan xalqına məxsus olduğunu dünyaya çatdıraq”. Naim Buran Elçi bildirib ki, türk sənətçilərini Azərbaycanda yaxşı tanısalar da, Azərbaycan sənətçiləri Türkiyədə o qədər də tanınmır. CNN international, “Kral TV”, “Show TV” və bu kimi Türkiyənin bir çox kanallarında rəhbər vəzifələrdə işlədiyini bildirən yeni kanal rəhbəri, artıq bütün gücünü yeni kanalın açılmasına yönəltdiyini qeyd edib. TMB rəhbəri tədbirdə iştirak edən Azərbaycanın xalq artisti Brilyant Dadaşovanı kanalın Azərbaycandakı rəsmi elçisi adlandırıb. Naim Buran Elçi deyib ki, Azərbaycanda TMB kabel televiziyası vasitəsilə yayımlanacaq. Bu kanalda yayımlanacaq kliplər, veriləcək konsertlər və ifalar isə xüsusi seçimlərdən keçəcək. Mətbuat konfransında çıxış edən Brilyant Dadaşova bu kanalın açılmasının Azərbaycan mədəniyyətinin təbliğində mühüm rol oynayacağına inandığını bildirib: “Bu gün Azərbaycanın bir çox musiqiləri ya ermənilərin adından verilir, ya da anonim olaraq oxunur. Açılacaq bu kanalda ilk öncə həmin mahnılarının Azərbaycan mahnısı kimi tanınması yönündə işlər aparılacaq. Hazırda bu kanalın açılması ilə bağlı son işlər aparılır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR