Anar Kərimov UNESCO-ya müraciət etmiş rusiyalı mədəniyyət xadimlərinə məktub göndərib

Anar Kərimov UNESCO-ya müraciət etmiş rusiyalı mədəniyyət xadimlərinə məktub göndərib
# 02 dekabr 2020 14:38 (UTC +04:00)

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov tərəfindən Rusiya Federasiyasının Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına köməklik göstərilməsi ilə bağlı həmin təşkilata müraciət etmiş bir qrup mədəniyyət xadimlərinə məktub göndərilib.

Mədəniyyət Nazirliyindən APA-ya bildirilib ki, məktubda öncə Ermənistan tərəfindən uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində mədəni irsimizin dağıdılması, əksər hallarda həm müsəlman, həm də xristian irsinin məhv edilməsi haqqında məlumatlar əks olunub.

Eyni zamanda Azərbaycanın müxtəlif şəhərlərində yerləşən həm dini (müsəlman, xristian, yəhudi), həm də mədəni irsin dövlət tərəfindən qorunması ilə bağlı faktlar diqqətə çatdırılıb.

Bundan əlavə, rusiyalı mədəniyyət xadimlərinə qeyd etdikləri narahatçılıqla bağlı Azərbaycan Hökumətinə deyil, birbaşa UNESCO-ya müraciət ünvanlamalarına görə irad bildirilib və onlara erməni təbliğatının qurbanı olmamaq tövsiyə edilib.

Məktubun sonunda müraciəti imzalamış mədəniyyət xadimləri işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın davam etmiş dağıdıcılıq və talançılığın nəticələrini, həmçinin ölkəmizdə mədəni irsə necə qayğı göstərildiyini görmək üçün Azərbaycana dəvət olunublar.

Xatırladaq ki, Rusiya Federasiyasının bir qrup mədəniyyət xadimi Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına köməklik göstərilməsi ilə bağlı UNESCO-ya müraciət edib.

Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa UNESCO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir.

Qeyd etmək lazımdır ki, UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR