Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib

Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib
  • Clock-gray 12:44
  • calendar-gray 01 Mart 2021

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, martın 1-də Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib. İclasa Azərbaycan Respublikası tərəfdən Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə, Türkiyə tərəfdən Mədəniyyət və Turizm Nazirliyi  Kino Müdiriyyətinin rəhbəri Erkin Yılmaz sədrlik edib.

İclasda mədəni irs, kitabxana, musiqi, teatr, muzey və mədəni sərvətlər, kino və digər sahələrdə müzakirələr aparılıb və əməkdaşlıq məsələləri razılaşdırılıb.

Qeyd edək ki, martın 3-dək davam edəcək səfər proqramında Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və digər rəsmi şəxslərlə görüşləri, mədəniyyətin müxtəlif sahələri üzrə  əməkdaşlığa dair müzakirələrin aparılması, müvafiq sənədlərin imzalanması, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və foto sərgisinin açılış  mərasimi, həmçinin digər tədbirlər nəzərdə tutulur.

Səfər martın 3-də İstanbulda davam edəcək.

Səfər çərçivəsində nazir Anar Kərimovun Türkiyədə yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimləri ilə görüşləri də nəzərdə tutulur.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər