Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib - FOTO

Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib - FOTO
  • Clock-gray 22:20
  • calendar-gray 27 Noyabr 2020

Bu gün Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədi ilə bədii proqram təşkil edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF), Anadolu Mədəniyyətlərin Araşdırılması və İnkişafı Dərnəyi tərəfindən təşkil edilib.

“Bu gün dünyada davam edən müharibələrdə çox təəssüf ki, uşaqlar və dinc insanlar da həyatlarını itirirlər. Azərbaycanın haqlı savaşında şəhid olan Azərbaycanlı körpələrin əziz xatirələri üçün bu konserti təşkil etdik”, – deyə proqramın solisti, fleyta ifaçısı Şəfiqə Kutluər çıxışında bildirib.  

Ankara Opera və Balet Teatrının solisti Şənol Talınlı Azərbaycan xalq mahnılarını, tanınmış bəstəkarlarımızın məşhur bəstələrini ifa edib.

Solistlər Şəfiqə Kutluəri və Şənol Tanlını Ankara Opera və Balet Teatrının Azərbaycandan olan pianoçu Nailə Əhmədova, tarzən Murad Akçay, violonçel ifaçısı Sevinc Əliyeva müşayiət edib. 

İfaları ilə Azərbaycanın zəfərini tərənnüm etdirən musiqiçilər ankaralı tamaşaçılar tərəfindən rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Xəzər İbrahim ifaçılara təşəkkür edib.

TADƏHF rəhbəri Aygün Əttar bildirib ki, Ankara Opera və Balet Teatrının ifaçılarının iştirakı ilə belə bir konsert proqramının Şuşada da keçirilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, Ankara Opera və Balet Teatrının zalında Azərbaycanla bağlı fotosərgi də nümayiş olunub.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər