Azərbaycan “Abu Dabi Şeyx Zayed İrs Festivalı”nda təmsil olunur

Azərbaycan “Abu Dabi Şeyx Zayed İrs Festivalı”nda təmsil olunur
# 08 yanvar 2020 12:31 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərində 31 dekabr 2019-cu il - 1 fevral 2020-ci il tarixlərində “Abu Dabi Şeyx Zayed İrs Festivalı” keçirilir.

APA-nın məlumatına görə, festivalda Azərbaycanı təmsil etmək üçün Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin əməkdaşı Elgün Əliyev “Cəngi” estrada və folklor rəqs ansamblı ilə birgə Əbu-Dabi şəhərinə səfər edib.

Festival beynəlxalq əlaqələrin qurulması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, ölkəmizin mədəni sənaye potensialının ixracı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə müxtəlif ölkələrin rəqs kollektivləri ilə danışıqlar aparılır, hər bir xalqın ənənəvi milli rəqs elementləri barədə müzakirələr edilir.

Əbu-Dabi şəhərinin ətrafında böyük bir sahədə tikilmiş xüsusi festival şəhərciyində müxtəlif ölkələrin, şirkətlərin, yerli dövlət orqanlarının yüzlərlə stendi, pavilyonu, həmçinin istirahət və əyləncə məkanları, rəqs və ifalar üçün səhnələr qurulub. BƏƏ-nin yerli incəsənət kollektivləri ilə yanaşı tədbirdə Azərbaycan, Rusiya, Çin, Hindistan, Rumıniya, Ukrayna, Bosniya və Herseqovina, Özbəkistan, Cənubi Afrika, Yəmən, Misir respublikalarının, Bəhreyn və Mərakeş krallıqlarının və digər ölkələrin rəqs kollektivləri, ifa və şou qrupları iştirak edib. Yaradıcı kollektivlər gündə üç dəfə (hər dəfə yarım saat olmaqla) şəhərcikdə yerləşən ayrı-ayrı səhnələrdə, həftədə iki dəfə isə Əbu-Dabi televiziyasının səhnəsində çıxışlar edirlər.

Azərbaycanın “Cəngi” estrada və folklor rəqs ansamblı “Bayram”, “Qaytağı”, “Dağlı”, “Naxçıvani”, “Tənzərə”, “Yallı”, “İgidlər”, “Tərəkəmə”, “Qıt-qılıda”, “Naz eləmə”, “Ağ çiçək”, “Dağlar gözəli”, “Sarı gəlin” kimi milli rəqslərimizi ifa edib.

Qeyd edək ki, festival fevral ayının 1-ə kimi davam edəcək və “Cəngi” estrada və folklor rəqs ansamblının ifa və çıxışları festivalın son gününədək təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR