Azərbaycan Yazıçılar Birliyinin 85 illiyi qeyd edilib - FOTOSESSİYA

Azərbaycan Yazıçılar Birliyinin 85 illiyi qeyd edilib - FOTOSESSİYA
# 19 dekabr 2019 20:10 (UTC +04:00)

Dekabrın 19-da Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) yaranmasının 85 illiyinə həsr edilmiş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə dövlət və hökumət qurumlarının nümayəndələri, AYB üzvləri, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

Əvvəlcə AYB-nin fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin AYB-nin 85 illiyi münasibəti ilə təbrik məktubunu oxuyub.

Dövlət başçısı məktubunda ölkənin ədəbi ictimaiyyətinin nümayəndələrini Azərbaycan Yazıçılar Birliyinin 85 illiyi münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.

“Ötən əsrlərin söz sənətkarlarını ətrafında toplamış ədəbi məclislərin yeni tarixi şəraitdə varisi olan Yazıçılar Birliyi mədəni həyatımızda özünə məxsus yer tutur. Birlik totalitar sovet rejiminin ədəbi fəaliyyətə sərt direktivlərlə istiqamət verdiyi ideoloji yasaqlar dövründə yaransa da, ədəbi nəsillər arasında varisliyi təmin etmiş, ictimai fikrin milli özünüdərk zəminində formalaşdırılması, ana dilimizin saflığının qorunması və bədii sərvətlər xəzinəmizin zənginləşdirilməsində əhəmiyyətli rol oynamışdır. Birliyin xalqımızın azadlıq ruhunun canlandırılması, mübarizə əzminin gücləndirilməsi və istiqlal duyğusunun dirçəldilməsində, dövlət müstəqilliyimizin mənəvi əsaslarının möhkəmləndirilməsində xüsusi xidmətləri vardır.

Mütərəqqi və humanist ideyalardan qidalanmış klassik irsimizi nəcib ideya-fəlsəfi axtarışlar ədəbiyyatı və xalq həyatının bədii salnaməsi hesab edən ulu öndər Heydər Əliyev yazıçını “mədəniyyətin milli sərvətlərinin əsas mühafizəçisi” adlandırırdı. Azərbaycan ictimai-mədəni fikrinin inkişafına töhfələr vermiş və ədəbiyyatımızı dünya ədəbi irsinin ayrılmaz tərkib hissələrindən biri olaraq tanıdıb sevdirmiş görkəmli söz ustalarımızın adları bizə son dərəcə əzizdir. Xalqımız şeiri, sənəti hər zaman yüksək qiymətləndirmişdir və bu gün də əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək müstəqillik ideallarımıza sadiq istedadlı qələm sahiblərinə ehtiram göstərir. Ümidvaram ki, yaradıcılıq aləminə qədəm qoyan gənc ədəbi qüvvələr də ədəbi-mədəni ənənələrimizin layiqli davamçıları olacaq, azərbaycançılıq məfkurəsi işığında milli təəssübkeşlik hissi ilə yazıb yaradacaqlar.

Qloballaşma dalğasının getdikcə daha geniş vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bir vaxtda təşkilatınızın üzərinə mühüm vəzifələr düşür. İnanıram ki, siz həmin vəzifələrin öhdəsindən lazımınca gələcək, günümüz üçün aktual mövzuları və cəmiyyəti düşündürən məsələləri diqqətdə saxlayacaq, dərin mənəviyyat və bədii-estetik zövq aşılayan əsərlərlə oxucuları bundan sonra da sevindirəcəksiniz”, - deyə Azərbaycan Prezidenti təbrik məktubunda qeyd edib.

Sonra AYB sədri, Xalq yazıçısı Anar çıxış edərək Prezident İlham Əliyevə təşəkkürünü bildirib: "Cənab Prezident bizim fəaliyyətimizi yüksək dəyərləndirib, öz arzularını və tövsiyyələrini çatdırıb. Ötən il dekabr ayında mən hörmətli prezidentin qəbulunda oldum və bir neçə xahişimi çatdırdım. Bunların hamısı müsbət qarşılandı. Bu xahişlərdən biri yazıçı və şairlərin təktif edilməsi idi. Bu ilin may ayında üç şairə xalq şairi, üç yazıçıya xalq yazıçısı, üç yazıçıya əməkdar incəsənət xadimi adları verildi. Biz bilirsiniz ki, Qarabağ məsələsi başlananda qaçqınları Şüvəlnadakı Yaradıcılıq Evinə yerləşdirmişdik. O, Yaradıcılıq Evi Yazıçılar Birliyinin Ədəbiyyat Fondunun hesabına tikilmiş bina idi. Sonrakı illərdə qaçqınlar üçün şəhərcik salınsa da ora azad edilmədi. Mən bunu prezidentə dedim, o binanın təmirini dövlət öz üzərinə götürdü. Doqquz il əvvəl mən yazıçılar üçün ev tikilməsi barədə müraciət etsəm də müəyyən səbəblərdən həll edilməmişdi. Bunu da prezidentə dedim, bu da öz həllini tapdı. Nəhayət, Şabranda yaradıcı insanlar üçün şəhərcik salınması ilə bağlı məsələni prezidentə bildirdim. Bu da həllini tapdı. Mənim bildiyimə görə, artıq orda tikinti işləri görülür. Bunu ona görə deyirəm ki, biz bunları minnətdarlıq hissi ilə xatırlayırıq. Yazıçılara dövlətin qayğısı bu günümüzün reallığıdır. Keçmiş Sovet İttifaqında əksər Yazıçılar Birlikləri dağıldığı halda bizdə dağlmadısa, bu ancaq ona görə idi ki, ulu öndər Heydər Əliyev yazıçıları öz himayəsinə götürdü və Yazıçılar Birliyi yaşadı. Güman edirəm ki, 85 il yaşamışıqsa, şərəflə yaşamışıq. Tariximizdə qara səhifələr də, faciəvi illər də olub. Bütün bunlara baxmayaraq, Yazıçılar Birliyi Azərbaycan dilini, Azərbaycan ədəbiyyatını, Azərbaycan mənəviyyatını qoruyub, yazıçıların bu müqəddəs ocağı fəaliyyət göstərib, bundan sonra da fəaliyyət göstərəcək".

Sonra Xalq şairləri Sabir Rüstəmxanlı və Nəriman Həsənzadə şeir səsləndiriblər. Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, AYB 1934-cü il, iyunun 13-də yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR