Azərbaycan filmi 26-cı Sarayevo Film Festivalının əsas müsabiqə proqramına seçilib

Azərbaycan filmi 26-cı Sarayevo Film Festivalının əsas müsabiqə proqramına seçilib
# 24 iyul 2020 12:29 (UTC +04:00)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən “Daxildəki ada” tammetrajlı bədii filmi 26-cı Sarayevo Film Festivalının əsas müsabiqə proqramına seçilib.

APA-nın məlumatına görə, Debüt Film Studiyasının direktoru Rüfət Həsənovun "Daxildəki Ada" filmi 100 000-dən çox auditoriyası olan və Avropanın ən önəmli festivallarından biri sayılan Sarajevo Film Festivalının əsas müsabiqə proqramına seçilmiş ilk tammetrajlı bədii Azərbaycan filmidir.

Film “Azərbaycanfilm”, “Debüt” film studiyası, “Arizona Productions”, “Coyote Cinema” və “Mandarin Agency”-nin birgə istehsalıdır. Filmin post-prodakşn dəstəyi CNC - Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Baku Media Mərkəzinə, media dəstəyi isə İctimai Televiziyaya aiddir.

Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri Nadir Əliyevdir.

Baş rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.

Qeyd edək ki, bu ilin 14-21 avqust tarixlərində keçiriləcək 26-cı Sarayevo Film Festivalının jüri prezidenti Oskar mükafatlı “Artist” filminin rejissoru Mişel Hazanaviçiusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR