"Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi elan edilib

"Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi elan edilib
  • Clock-gray 19:05
  • calendar-gray 22 Yanvar 2021

Mədəniyyət Nazirliyi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsini elan edib.

Nazirliyikdən APA-ya verilən məlumata görə, müsabiqənin mövzusu 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyətini əhatə edir.

Müsabiqə 3 kateqoriyada keçirilir: qısametrajlı bədii film, qısametrajlı sənədli film və qısametrajlı animasiya filmi. 

Kateqoriyalar üzrə xronometrajlar qısametrajlı bədii filmlər və  qısametrajlı sənədli film üzrə 30 dəqiqə, qısametrajlı animasiya filmləri üzrə 10 dəqiqəyə qədərdir.

Qalib film layihələrinin istehsalının maliyyələşdirilməsi bədii filmlər üçün 50 min manata qədər, sənədli filmlər üçün 25 min manata qədər, animasiya filmləri üçün isə 100 min manata qədər nəzərdə tutulub.

  Müsabiqə aşağıdakı mərhələləri əhatə edir:

1-ci mərhələ - Layihələrin qəbulu;

2-ci mərhələ - Bədii seçim;

3-cü mərhələ - Pitçinq;

4-cü mərhələ - Qalib film layihələrinin maliyyələşdirilməsi, filmlərin istehsalı və təhvil verilməsi.

 1-ci mərhələ - Layihələrin qəbulu

 Müsabiqənin 1-ci mərhələsi mədəniyyət nazirinin əmri ilə təsdiq  edilmiş Müsabiqə Komissiyası tərəfindən həyata keçirilir.

Müsabiqəyə müraciət edən tərəfindən göndərilmiş sənədlərdə qusurlar olmadığı halda film layihələri 2-ci mərhələdə iştirak hüququ əldə edir.

 2-ci mərhələ - Bədii seçim

 1. Müsabiqənin 2-ci mərhələsində film layihələrini mədəniyyət nazirinin əmri ilə təsdiq edilimiş Münsiflər heyəti qiymətləndirir.

2. Münsiflər heyəti bu mərhələdə film ssenarilərini bədii-kinematoqrafik baxımdan dəyərləndirir.

3. Bədii seçim mərhələsini keçmiş layihələr 3-cü mərhələyə – istehsalçıların Pitçinqi mərhələsinə buraxılır.

4. Bədii seçim mərhələsinin qaliblərinin adları 2021-ci il aprelin 2-dək Nazirliyin www.mct.gov.az internet saytında və “Mədəniyyət” qəzetində açıqlanır.

 3-cü mərhələ - Pitçinq

 1. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçirilir, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edirlər.

2. Pitçinq seçimi üçün tələblər:

• Layihənin bədii-kinematoqrafik dəyəri;

• İstehsalçının portfoliosu;

• Layihəyə aid təsvirlər (tizer, mudbord və s.);

• Yaradıcı heyət və texniki imkanlar haqda məruzə;

• Beynəlxalq kino bazarı və festivallarda iştirak, filmin distribusiyası haqqında planlar üzrə məruzə.

3. Bu mərhələdə Münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən edilir və müvafiq protokolla sənədləşdirilir.

4. Münsiflər heyətinin qəbul etdiyi qərar mədəniyyət nazirinin əmri ilə rəsmiləşdirilir.

5. Münsiflər heyətinin apardığı müzakirələr məxfi saxlanılır.

6. Pitçinqin 3-10 aprel 2021-ci il tarixində keçiriməsi nəzərdə tutulur. Pitçinqin tarixi iştirakçılara elektron poçt vasitəsilə bildirilir. 

7. Qaliblərin adları 2021-ci il aprelin 15-dək Nazirliyin www.mct.gov.az internet saytında və “Mədəniyyət” qəzetində açıqlanır.

 4-cü mərhələ - Qalib film layihələrinin maliyyələşdirilməsi, filmlərin istehsalı və təhvil verilməsi

 1. Qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunur.

2. Mədəniyyət Nazirliyi tərəfindən filmlərin büdcəsinin 100%-ə qədərinin maliyyələşdirilməsi nəzərdə tutulur.

3. Ödənişlər 30% - 40% - 30% tranşları üzrə istehsalçı müəssisə ilə təşkilati işlərə məsul olan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsi arasında öncədən razılaşdırlmış istehsal cədvəlinə uyğun şəkildə həyata keçirilir.

4. Layihələrin maliyyələşməsi üç mərhələdən ibarət olur. “Pre-poduction”, “Production” və “Post-production” mərhələləri üzrə hər mərhələnin hesabatının Komissiyaya təhvil verilməsindən sonra növbəti mərhələnin maliyyələşdirilməsi həyata keçirilir.

 Mərhələlər pre-production 30 faiz, production 40 faiz, post-production 30 faiz təşkil edir. 

5. Hər hansı mərhələdə uyğunsuzluq və qüsurlar aşkarlandığı halda aşkarlanan qeydlər həll edilməyənə qədər mərhələnin hesabatı təhvil verilməmiş hesab edilir.

6. Texniki imkanları nisbətən məhdud olan film istehsalçıları üçün çəkiliş avadanlığı və cihazlarının icarəsi və təminatı işlərində dövlət studiyası olan “Azərbaycanfilm”in avadanlıqları bazar qiymətləri və əlçatanlıq prinsipi ilə təklif olunur.

7. Çəkilişlərə müvafiq icazələrin alınması prosesinin asanlaşdırılması məqsədilə ölkə ərazisində, xüsusən Qarabağ bölgəsində çəkilişlərin aparılmasına kömək üçün Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsi tərəfindən müvafiq sənədləşmə əsasında lisenziyalar verilir, inzibati hazırlıq və dəstək xidmətləri göstərilir.

8. Layihələrin büdcəsi və ya təxmini smeta dəyəri Müsabiqə Komissiyası tərəfindən yoxlanılır. Şərtlərə uyğun gəlməyən büdcələrdə dəyişiklik edilə bilər.

9. Filmin son təhvil verilmə tarixi “Production” mərhələsi üçün nəzərdə tutulmuş 40% ödəniş edildikdən sonra ən geci 180 gün (animasiya layihəsi üçün 360 gün) müəyyən edilir.

 Müsabiqəyə qəbul şərtləri

 1. Müsabiqədə film istehsalı ilə məşğul olan dövlət studiyaları və müstəqil prodüser mərkəzləri iştirak edə bilər.

2. Müsabiqədə dövlət studiyaları və müstəqil prodüser mərkəzləri (yalnız hüquqi şəxs statusunda) - “müraciət edən”, ssenarist, rejissor və prodüserlər isə - “müəllif” hesab olunur. Müstəqil fəaliyyət göstərən müəlliflər - ssenarist, rejissor və prodüserlər fiziki şəxs qismində müsabiqədə iştirak edə bilməzlər.

3. Müstəqil fəaliyyət göstərən müəlliflər müsabiqədə iştirak etmək üçün layihələrini prodüser  mərkəzləri, film istehsalı studiyaları və audiovizual məhsul istehsal edən digər qurumlar vasitəsilə təqdim etməlidirlər.

4. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqəyə təqdim edilmiş layihədə müəllif ola bilər.

5. Bir müəllif hər kateqoriya üzrə yalnız bir layihə ilə müsabiqəyə qoşula bilər.

6. Müsabiqəyə göndərilən layihələrin janrına məhdudiyyət qoyulmur.

7. Müsabiqədən qalib çıxmış layihələrin müəlliflərinin dəyişdirilməsi yalnız Müsabiqə Komissiyası ilə razılaşdırıldıqdan sonra edilə bilər.

8. Ümumilikdə hər bir müraciət edən tərəfindən bütün kateqoriyalar üzrə cəmi 3 layihə müsabiqəyə təqdim edilə bilər.

9. Müraciət edənlər Azərbaycan Respublikasında hüquqi şəxs - vergi ödəyicisi kimi qeydiyyatda olmalıdır.

10. Müraciət edənlər son üç il ərzində fəaliyyət göstərməli və audiovizual məhsul istehsalı ilə məşğul olmalıdır. Kənar fəaliyyət sahələrindən olan müraciətlər qəbul edilmir.

11. Müraciətlər xarici film istehsalı şirkətləri və fondları ilə müştərək şəkildə təqdim edilə bilər. Bu halda müştərəklik müqaviləsi və layihənin maliyyələşməsi sənədləri təqdim edilməlidir.

12. Filmin istehsalının bir hissəsi yerli və beynəlxalq sponsorlar tərəfindən maliyyələşdirilə bilər. Bu halda sponsorluq müqaviləsi təqdim edilməlidir.

13. Müştərəklik, əməkdaşlıq və ya sponsorluq müqavilələrində tərəf kimi “müraciət edən” iştirak etməlidir.

14. Müsabiqəyə son müraciət tarixi Bakı vaxtı ilə 2021-ci il 22 mart tarixində saat 00:00-da bitir. Bu tarixdən gec göndərilmiş müraciətlər etibarsız hesab edilir.

15. Təqdim edilməli olan sənədlər paketinə aşağıdakılar daxildir:

• qısametrajlı bədii, sənədli və animasiya filminin müraciət forması (müraciət formasının bütün bəndləri dəqiq doldurulmalıdır, əks halda bu, müraciət edənin müsabiqədə iştirakına əngəl ola bilər);

• filmin layihəsi - loqlayn, sinopsis, ssenari - ssenari beynəlxalq yazılış formatına uyğun olmalıdır: font (şrift): Courier (Courier new) / Şriftin ölçüsü: 12;

• rejissor şərhi (1 səhifəyə qədər);

• prodüserin şərhi (1 səhifəyə qədər);

• müəlliflərin şəxsiyyət vəsiqələrinin (daimi yaşayış icazələrinin) surəti (skaner olunmuş - PDF);

• layihənin təxmini smeta dəyəri;

• filmin istehsal təqvimi - quruluş planı;

• müştərəklik müqaviləsi və layihənin qarşı tərəfdən də maliyyələşdirilməsini əks etdirən sənədlər (müştərək layihə olduğu halda);

• sponsorluq müqaviləsi (birgə film kimi yerli və beynəlxalq sponsorlar tərəfindən də maliyyələşdiyi halda);

• Müraciət edənin qeydiyyat sənədləri (Nizamnamə, Reyesterdən çıxarış, Vergi ödəyicisinin şəhadətnaməsi, vergi borcunun olmaması haqqında arayış, fəaliyyət kodu ilə bağlı arayış, bank dövriyyəsi, mənfəət vergisi bəyannaməsi);

• müəlliflərin CV-ləri (ssenarist, rejissor və prodüser);

• Bütün sənədlər PDF formatında olmalıdır.

 16. Müsabiqəyə təqdim olunan sənədlər 22 yanvar – 22 mart 2021-ci il tarixində [email protected] poçt ünvanlarına elektron qaydada göndərilməlidir.

17. Elektron poçt vasitəsilə müraciətlər yalnız “Böyük Qayıdış” başlığı altında göndərilməlidir.

18. Müsabiqənin sənəd qəbulu qaydasının hər hansı bir bəndinə uyğun olmayan müraciət barədə müraciət edən tərəf e-mail vasitəsi ilə məlumatlandırılır. Bundan sonra sənədlər müraciət edən tərəfindən qaydalara uğun şəkildə yenidən göndərilmədikdə həmin müraciət edən müsabiqədə iştirak hüququnu itirmiş hesab olunur və bu hallarla bağlı heç bir apellyasiya müraciətinə baxılmır.

19. Müsabiqə ilə bağlı təşkilati işlər Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsi tərəfindən həyata keçirilir. 

 Əlavə məlumat üçün:

Telefon: (012) 404 04 85;

Həftənin iş günləri saat 10:00-17:00-dək;

E-poçt: [email protected]

Mirmehdi Ağaoğlu

Digər xəbərlər