Bu il TÜRKSOY-un mətbuat mükafatları Qarabağdan yazan jurnalistlərə veriləcək

Bu il TÜRKSOY-un mətbuat mükafatları Qarabağdan yazan jurnalistlərə veriləcək
# 03 mart 2021 13:26 (UTC +04:00)

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov ilə mədəniyyət naziri Anar Kərimov arasında görüş keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın TÜRKSOY-la sıx əməkdaşlıq etdiyi vurğulanaraq gələcək birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Nazir ortaq mədəni irsimizi dünyaya tanıdan TÜRKSOY-un ölkəmiz üçün dəyərli təşkilat olduğunu, Azərbaycanın bundan sonra əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu bildirib.

TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsindən söz açan D.Kaseinov qeyd edib ki, gələn ildən təşkilata üzv ölkələrin də dəstəyi ilə bu layihəni hər ildə iki paytaxt olaraq davam etdirmək istəyirlər. Bu cür praktika Avropanın “mədəniyyət paytaxtı” layihəsində də var. Mədəniyyət paytaxtı şəhərlərindən bir türk dünyasının şərqindən, biri qərbindən ola bilər.

Baş katib həmçinin bildirib ki, TÜRKSOY-un ənənəvi mətbuat mükafatlarını bu il Qarabağdan yazan türk dünyası jurnalistlərinə verməyi qərara alıblar. D. Kaseinov təklif edib ki, mükafatlandırma mərasimi Bakıda keçirilsin və mərasimdən sonra Qarabağ ziyarət edilsin.

A.Kərimov təklifin dəyərləndiriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR