Dövlət Xidməti: İşğalda olan ərazilərdə 2600-dən çox tarix və mədəniyyət abidəsi ermənilər tərəfindən məhv edilib və ya mənimsənilib

Dövlət Xidməti: İşğalda olan ərazilərdə 2600-dən çox tarix və mədəniyyət abidəsi ermənilər tərəfindən məhv edilib və ya mənimsənilib
# 06 noyabr 2020 12:13 (UTC +04:00)

"Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz və işğalçılıq siyasəti eyni zamanda Azərbaycanın mədəni irsini hədəf alıb".

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli İncəsənət muzeyində keçirilən tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli bildirib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ və ona bitişik 7 rayonun ərazisi 30 ilə yaxın müddətdə Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq məhvə məruz qalıb: "Ölkəmizin digər əraziləri kimi işğala məruz qalmış torpaqlarımız da tarix-mədəniyyət abidələri ilə zəngindir. İşğal olunmuş ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix və mədəniyyət abidəsi var ki, bu abidələrin əksəriyyəti məhv edilib və ya mənimsənilib. Dövlət qeydiyyatına alınan abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir”.

O qeyd edib ki, işğal olunmuş ərazilərdə dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri olan Ağdam rayonunda Qutlu Musa türbəsi, Üzərliktəpə yaşayış yeri, Cəbrayıl rayonunda Xudafərin körpüləri, Niftalı kurqanları, Xocavənd rayonunda Azıx və Tağlar mağara düşərgələri, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Şuşa şəhərində Şuşa Tarix-Memarlıq Qoruğu, Xocalı rayonunda Xocalı kurqanları təkcə Azərbaycan xalqı üçün deyil, eləcə də dünya mədəni irsi və xəzinəsi üçün də əhəmiyyətli və təkrarolunmaz abidələrdir: "Təəssüflər olsun ki, işğal faktına görə həmin ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin qorunması, bərpa-konservasiyası və öyrənilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi bu vaxta qədər mümkün olmayıb. Bununla yanaşı bildiririk ki, işğal olunmuş rayonlarda yerləşən, öz zəngin koloriti və memarlıq quruluşu ilə seçilən, Qafqaz Albaniyası dövrünə aid memarlıq abidələri olan məbədlər, sovmələr, bazilika və monastırlar üzərilərindəki rəsmlərin, süjet xarakterli oymaların, simvolların dəyişdirilməsi yolu ilə daha çox mənimsənilməyə məruz qalıb. Belə abidələrə misal olaraq Kəlbəcər rayonu ərazisində yerləşən Gəncəsər və Xudavəng monastırları xüsusilə qeyd edilməlidir. Tariximizin bu dövrünə məxsus bir sıra məbədlərin üzərində zəng qülləsi inşa edilib".

A.Cəfərli qeyd edib ki, təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə Xocavənd rayonunda yerləşən Azıx mağarası, Ağdam rayonunda yerləşən Şahbulaq qəsrinin yaxınlığında xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi arxeoloji ekspedisiyalar tərəfindən qanunsuz qazıntı işləri təşkil olunub: "Eyni zamanda Ermənistan tərəfi daha bir təxribata əl ataraq Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidində “bərpa” işləri adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olub, xalqımıza məxsus bu tarixi tikilinin başqa xalqlara aid məscid olmasını iddia edib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR