Dövlət Xidməti: İşğaldan sonra Şuşadakı “Qazançılar kilsəsi” qanunvericiliyə zidd olaraq 3 dəfə “təmir-bərpa” prosesindən keçib

Dövlət Xidməti: İşğaldan sonra Şuşadakı “Qazançılar kilsəsi” qanunvericiliyə zidd olaraq 3 dəfə “təmir-bərpa” prosesindən keçib
# 06 noyabr 2020 12:15 (UTC +04:00)

“Ermənistan hazırda ölkəmizə qarşı beynəlxalq miqyasda çirkin kampaniya aparmaqdadır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli İncəsənət muzeyində keçirilən tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli deyib.

Onun sözlərinə görə, bu çirkin kampaniyanın tərkib hissəsindən biri də guya Azərbaycan Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində Şuşa şəhərində yerləşən “Qazançılar kilsəsi”nin zərər görməsidir: “Azərbaycan Respublikasının ərazisində yerləşən istənilən abidə mədəni irsimizin ayrılmaz tərkib hissəsidir. Bu ərazilərdə yerləşən bütün mədəni irs nümunələri Azərbaycan xalqına məxsusdur. 1868-ci ildə Şuşa şəhərinin kənarında (hazırda Şuşa şəhərinin yuxarı hissəsidir) “Qazançılar” adlanan kilsə inşa edilib. Erməni müəllifi Markar Barxudaryantsa istinadən abidənin sovet dövründən qalan sənədlərində də bu kilsə “Qazançılar” kimi qeyd edilir. Tədqiqatçı Firudin Şuşalının məlumatına əsasən, kilsənin inşası 1883-cü ildə yekunlaşdırılıb. Abidənin 1987-ci ildə hazırlanmış pasportunda “Qazançılar kilsəsi”nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub”.

O qeyd edib ki, kilsə quruluş baxımından 4 yarımdairəvi çıxışdan ibarətdir: “Kilsənin daxili xüsusi memarlıq bəzəkləri olmadan, yonulmuş yerli daşlarla üzlənib. Kilsənin qapı və pəncərəsi sadə üsulla hazırlanıb. Kilsənin bərpa layihəsinin müəllifi, professor Fəxrəddin Miralayevin apardığı araşdırmalar bu kilsənin erməni memarlıq üslubunda inşa edilmədiyini və daha çox ibadətgah kimi istifadə olunduğunu deməyə əsas verir. Şuşa şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunana qədər “Qazançılar kilsəsi” dövlətimiz tərəfindən layiqincə qorunub. Azərbaycan Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına alınmış kilsə ilk dəfə Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 27 aprel tarixli 145 nömrəli qərarı ilə abidələr siyahısına daxil edilib. Həmçinin, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bərpa emalatxanasının mütəxəssisləri tərəfindən 1981-ci ildə hazırlanan layihə əsasında 1984-1985-ci illərdə abidədə bərpa işləri aparılıb. Memar Fəxrəddin Miralayevin layihəsi əsasında aparılan bərpa işləri zamanı abidə ilə bağlı bir sıra faktlar aşkarlanıb. Kilsənin zirzəmisindəki qədim məbədin qalıqları son dövrə qədər mövcud olub. Kilsədə son bərpa işləri həyata keçirilən zaman orada olmuş professor Fəxrəddin Miralayev də bunun şahidi olub və hazırda o tədbirimizdə iştirak edir. Əldə olunan məlumata əsasən, Şuşa şəhəri işğal edildikdən sonra kilsə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq və müvafiq beynəlxalq konvensiyaların tələbləri pozularaq 3 dəfə “təmir-bərpa” prosesindən keçib. İstər aparılmış qanunsuz bərpa işləri, istərsə də münaqişə zamanı Azərbaycan mədəni irsinə aid abidəyə olunan müdaxilələr Ermənistan Respublikası tərəfindən törədilən vandalizm aktlarının bir nümunəsidir və işğalçı dövlətə münasibətdə müvafiq öhdəlik yaradır. İşğalçı dövlət olan Ermənistan Respublikası tərəfindən tarixi torpaqlarımızda yerləşən abidələrdə aparılan istənilən “təmir-bərpa” və arxeoloji qazıntı işləri beynəlxalq hüququn və yerli qanunvericiliyin kobud şəkildə pozulmasıdır”.

A. Cəfərli Azərbaycan Ordusunun işğaldan azad etdiyi rayonlarda yerləşən tarix-mədəniyyət abidələrinə olan müdaxilələrin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq monitorinqlərin aparılacağını, habelə həmin abidələrin bərpa ediləcəyini, bu torpaqlara xalqımızın zəngin mədəni ruhunun geri qaytarılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR