“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib - FOTO

“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib - FOTO
# 03 fevral 2020 18:04 (UTC +04:00)

Fevralın 3-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, festival Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub.

Açılışdan qabaq qonaqlar gənc rəssamların, xalq tətbiqi-dekorativ və tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək festivalın fəal və istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıdığını bildirib.

O, hər il 2 Fevral - Gənclər günü ərəfəsində bütün dövlət müəssisələrində, qeyri-hörmət təşkilatlarında xüsusi tədbirlərin keçirildiyini qeyd edib: "Bu o demək deyil ki, biz yalnız fevralın 2-də gəncləri yada salırıq. Bütün il boyu gənclərlə bağlı tədbirlər həyata keçirilir. Lakin fevralın 2-si keçmişə nəzər salmaq, problemlər və nailiyyətlərimiz haqqında düşünmək, gələcək işlərimizdən bəhs etmək baxımından əlamətdardır. Bu gün respublikanın rayonlarından təşrif buyurmuş ən istedadlı, fəal gəncləri toplamışıq, onların ifalarını dinləyəcəyik. Azərbaycan gəncləri daim yaradıcılıqla məşğul olmalı, ölkələrinin gələcəyinin qurulmasında potensiallarını təqdim etməlidirlər. Təbii ki, bu gün onların püxtələşmə dövrüdür, amma gələcəkdə onların arasından Azərbaycanın böyük rəssam və musiqiçiləri çıxacaq".

Nazir Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili" elan olunduğunu vurğulayıb: "Könüllülərin böyük əksəriyyətini gənclər təşkil edir. Könüllü olmaq şərəfli yol keçmək deməkdir. “Könüllülər ili”nin elan olunması gəncləri oxumağa, yaradıcılıqla məşğul olmağa, istedadlarını püxtələşdirməyə dəvətdir. Əminəm ki, gənclər də bu çağırışlara müsbət cavab verəcək və ölkəmizin inkişafına öz töhfələrini bəxş edəcəklər”.

Sonra bir sıra fəal və istedadlı gənclər Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə mükafatlandırılıb.

Tədbir konsert proqramı ilə davam edib. Bədii hissədə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, musiqi məktəblərinin müəllim, tələbə və şagirdlərinin, həmçinin gənc aşıqların ifalarından ibarət musiqi nömrələri təqdim olunub.

Festival fevralın 5-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR