MDB iştirakçı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının iclası keçirilib

MDB iştirakçı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının iclası keçirilib
  • Clock-gray 12:48
  • calendar-gray 19 Noyabr 2020

MDB iştirakçı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının videokonfrans formatında 35-ci iclası keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, iclasda MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlıq üzrə 2016-2020-ci illər üçün həyata keçirilmiş əsas tədbirləri və MDB-nin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş Tədbirlər Planının icra vəziyyəti haqqında hesabatlar dinlənilib, 2021-2025-ci illər üçün mədəniyyət sahəsində həyata keçiriləcək əsas tədbirlərin təşkili ilə bağlı görüləcək işlər, MDB çərçivəsində elan olunmuş Xalq yaradıcılığı və mədəni irs ilinə (2022) həsr olunmuş Tədbirlər Planı layihəsinin hazırlanması və digər məsələlər müzakirə olunub.

İclasda Rusiya Federasiyası, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan və Özbəkistanın mədəniyyət nazirləri və nazir müavinləri, MDB-nin İcraiyyə Komitəsinin rəhbərliyi iştirak edib. İclasda Azərbaycanı Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva təmsil edib.

S.Məmmədəliyeva təqribən 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin, xüsusilə də Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər ordumuz tərəfindən azad edilməsi və bunun dünya mədəniyyəti üçün əhəmiyyəti barədə iştirakçıları ətraflı məlumatlandırıb.

Qeyd olunub ki, maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin işğalı nəticəsində bir sıra şəhərlər tamamilə məhv edilmiş, bütün mədəni mülkiyyət talan olunmuş, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılıb. Nazir müavini hazırda azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planının hazırlandığını bildirib.

Qeyd edilib ki, tarixi abidələrin və mədəniyyət obyektlərinin vəziyyətinin ilkin monitorinqi artıq başlanılıb. Keçirilmiş ilkin monitorinq nəticəsində аşkar olunub ki, bütün mədəniyyət müəssisələri tamamilə dağıdılmış vəziyyətdədir və bütün bunlar Ermənistan tərəfi üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Məsələyə UNESCO və digər beynəlxalq təşkilatların qəbul etdiyi konvensiyalar çərçivəsində baxılması nəzərdə tutulur.

S.Məmmədəliyeva, həmçinin MDB ilə əməkdaşlıq çərçivəsində ölkədə mədəniyyət sahəsində həyata keçirilən layihələr, görülən işlər və yeni növ koronavirus (COVID–19) pandemiyası dövründə fəaliyyətini onlayn qaydada davam etdirən mədəniyyət müəssisələri barədə məlumat verib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər