Mədəniyyət Nazirliyi 2019-cu ilə yekun vurub: Nəsiminin yubileyi ilə bağlı 500-dən çox tədbir keçirilib

Mədəniyyət Nazirliyi 2019-cu ilə yekun vurub: Nəsiminin yubileyi ilə bağlı 500-dən çox tədbir keçirilib
# 27 dekabr 2019 12:02 (UTC +04:00)

Dekabrın 27-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyinin 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə iclasda Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Mədəniyyət Nazirliyi Aparatı işçiləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxsləri iştirak ediblər.

Əbülfəs Qarayev iclası açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. O, Mədəniyyət Nazirliyinin 2019-cu il ərzində gördüyü işlər haqqında hesabatın dərc olunduğunu bildirib: "Kollegiyanın iclasında 5 məsələnin müzakirə edilməsi nəzərdə tutulub. İclasda Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin dahi Azərbaycan şairi Nəsiminin 650 illiyinin və Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamlara uyğun olaraq hazırlanmış tədbirlər planının icrası, Bakı Xoreqrafiya Akademiyasının xoreoqrafiya sənəti və rəqs müəllimi ixtisasları üzrə tədris hazırlığının vəziyyəti barədə, Mədəniyyət Nazirliyinin 2017 - 2018-ci illər üzrə maliyyə hesabatlarının auditor nəticələri haqqında, 2019-cu ildə mədəniyyət sahəsində görülən işlər və nəhayət 2020-ci ilin birinci yarısının planının təsdiqi üzrə məruzələr dinləniləcək".

Nazir il ərzində Mədəniyyət Nazirliyinin fəaliyyətinin ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, eləcə də müvafiq dövlət proqramlarının icrası istiqamətində həyata keçirildiyini qeyd edib: "Bu il də Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə, mədəniyyətlə bağlı mötəbər forum və konfranslara ev sahibliyi edib. Bu ilin iyunun 30-dan iyulun 10-dək ölkəmizdə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilib. Bakı sessiyasında 45 qərar qəbul edilib və 29 irs nümunəsi siyahıya salınıb. Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının da bu siyahıda yer alması ölkəmizin böyük uğurudur. Bütün bu tədbirlər Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi nüfuzunu daha da artırıb".

Ə.Qarayev mədəni irsimizin təbliği ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə keçirilən tədbirləri xüsusi qeyd edib: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunmuş Nəsimi - şeir, sənət və mənəviyyat Festivalını xüsusi qeyd etmək istəyirəm. Bundan əlavə, Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı, eləcə də Bakı Beynəlxalq Caz festivalı təşkil olunub".

Nazir mədəniyyətin teatr, musiqi, kino, təsviri incəsənət, muzey və başqa sahələr üzrə il ərzində görülən əhəmiyyətli hadisələrdən bəhs edib.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Aslan Cəfərov isə qurumun tədbirlər planına uyğun olaraq Nəsiminin 650, Cəfər Cabbarlının 120 illiyi bağlı gördüyü işlərlə bağlı məruzə ilə çıxış edib. O, qeyd edib ki, il ərzində Nəsiminin yubileyi ilə bağlı 500-dən çox tədbir təşkil olunub.

Sonra digər iştirakçıların məruzələri dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR