Mədəniyyət mərkəzlərinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib

Mədəniyyət mərkəzlərinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib
# 21 aprel 2020 17:58 (UTC +04:00)

Aprelin 21-də Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə xüsusi karantin rejimi dövründə mədəniyyət mərkəzlərinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib.

APA-nın məlumatına görə, konfransa Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, nazirliyin məsul əməkdaşları, mədəniyyət mərkəzlərinin rəhbərləri qatılıblar.

Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova və müdir müavini Vüqar Məmmədov çıxış edərək mövcud vəziyyətdə mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında məlumat verib, elektron xidmətlərin göstərilməsi sahəsində atılan addımları qeyd ediblər. Eyni zamanda həyata keçirilən layihələr haqqında məlumat verilib, təqdimat edilib.

Videokonfransda çıxış edən Ə. Qarayev ölkədə koronavirus (COVİD-19) infeksiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejimi günlərində mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlər, nazirliyin idarələrinin fəaliyyəti, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, mədəniyyət müəssisələri tərəfindən onlayn şəkildə həyata keçirilən tədbirlər haqqında danışıb.

Müasir dünyanın texnoloji imkanlardan istifadənin günün tələbinə çevrildiyini bildirən nazir mədəniyyət sahəsinin idarə olunmasında da bu yeni yanaşmaların tətbiqinin genişləndirilməsinə bir daha diqqət çəkib.

Qeyd edib ki, mədəniyyət müəssisələri tərəfindən də bu prosesə sıx uyğunlaşmaq zərurəti yaranıb. Bununla bağlı olaraq hər bir müəssisə işini texnoloji vasitələrdən istifadə etməklə onlayn platformalar üzərindən qurmaq barədə real iş aparmalıdır.

Bildirib ki, hazırda mədəniyyət mərkəzlərinin həyata keçirdiyi xidmətlərin səmərəli formada təşkili məqsədilə vahid portalın yaradılması istiqamətində iş aparılır. Sözügedən vahid portal mədəniyyət mərkəzləri və onların filialları üçün faydalı onlayn məkana çevriləcək, bu müəssisələr vasitəsilə həyata keçirilən işlərin təbliğinə və xidmətlərdən daha rahat istifadə olunmasına imkan yaradacaq.

Həmçinin bu portal vasitəsilə mədəniyyət mərkəzlərində və onların filiallarında fəaliyyət göstərən dərnəklərin və kursların onlayn formada təşkili təmin olunmalıdır.

Ə.Qarayev vurğulayıb ki, xalq tətbiqi, dekorativ və təsviri sənət ustalarının əl işlərinin onlayn satışının təşkili üçün də internet portalının hazılanması ilə əlaqədar işlər aparılır. Sənətkarlar əl işləri haqqında məlumatları bu portala daxil edə, müştərilərlə əlaqə saxlaya, habelə məhsullarını sata biləcəklər. Bununla əlaqədar olaraq mədəniyyət mərkəzləri fəaliyyət göstərdiyi ərazidə olan sənətkarlarla daim əlaqə saxlamalı, onların informasiya bazasını formalaşdırmalı, həmçinin portal hazır olduqdan sonra sənətkarların bu istiqamətə cəlb edilməsi üçün təbliğat və təşviqat işləri aparmalıdırlar.

Nazir sosial şəbəkələr üzərindən fəaliyyətin daha da genişləndirilməsi, aktivliyin artırılması, izləyicilərə mədəniyyət sahəsində baş verən yeniliklərin çatdırılması, elektron xidmətlərin əhatəsinin və səviyyəsinin yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR