Mədəniyyət naziri Gürcüstan səfiri ilə görüşüb

Mədəniyyət naziri Gürcüstan səfiri ilə görüşüb
  • Clock-gray 15:09
  • calendar-gray 02 Aprel 2021

Aprelin 1-də mədəniyyət naziri Anar Kərimov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, A. Kərimov Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayaraq, mövcud dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin uğurla inkişafına böyük təkan verdiyini qeyd edib. 

Gürcüstanla mədəni əlaqələrin inkişafının vacibliyini bildirən nazir dövlət başçılarının qarşılıqlı səfərlərinin, iki ölkə arasında imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli töhfə verdiyini bildirib.  

Azərbaycanla Gürcüstan arasında kreativ sənaye, film istehsalı, ümumilikdə mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, rəsmi səfərlərin və birgə tədbirlərin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb. 

Z. Pataradze iki ölkə arasında qardaşlıq münasibətlərinin daim möhkəmlənəcəyinə,  ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edən diplomat mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə layihələrin reallaşdırılmasının vacibliyini diqqətə çatdırıb.

Sonda iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunulub, əməkdaşlıqla bağlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər