Mədəniyyət naziri İran səfiri ilə görüşüb

Mədəniyyət naziri İran səfiri ilə görüşüb
# 18 mart 2021 18:31 (UTC +04:00)

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 18-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüş keçirib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, nazir Azərbaycan və İran arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi və dini bağlara söykəndiyini bildirib. İkitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində də sürətlə inkişaf etdiyini qeyd edən A. Kərimov Azərbaycan və İranın beynəlxalq təşkilatlar çərçivəsində hər zaman həmrəylik nümayiş etdirdiyini və bir-birinin mövqeyini dəstəklədiyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Seyid Abbas Musəvi Azərbaycan və İran xalqlarının tarixi dostluğunu xatırladaraq ölkələr arasında mədəni əlaqələrin gündən-günə inkişaf etdiyini bildirib, mövcud əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Ölkələrimizin sahib olduğu ortaq dəyərlərin təbliğ edilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayan diplomat ölkəsinin bu sahədə əməkdaşlığa hazır olduğunu dilə gətirib.

Görüşdə Anar Kərimov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində İran İslam Respublikası tərəfindən nümayiş etdirilən dəstəyin Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirildiyini qeyd edib, İranın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi vurğulayıb.

1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra dağıntılara məruz qalan Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağının ucaldıldığı diqqətə çatdırılıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən Xudafərin körpülərinin UNESCO-nun Dünya İrsi Siyahısına salınması məqsədilə birgə tədbirlərin həyata keçirilməsi məsələsinə toxunulub.

Görüş zamanı dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi və Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar birgə tədbirlərin, o cümlədən sərgi və təqdimatların keçirilməsi ilə bağlı da fikirlər səsləndirilib.

Azərbaycan və İran arasında imzalanan sazişlərin yenilənməsi, qarşılıqlı mədəniyyət günlərinin və həftələrinin təşkili, birgə filmlərin çəkilməsi, işğaldan azad edilən ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası sahələrində əməkdaşlıq, habelə tərəflər arasında maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR