Mədəniyyət və incəsənət xadimlərinə orden və medallar, fəxri adlar təqdim edilib

Mədəniyyət və incəsənət xadimlərinə orden və medallar, fəxri adlar təqdim edilib
# 24 dekabr 2019 13:00 (UTC +04:00)

Dekabrın 24-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 24-nün Azərbaycanın tarixində əhəmiyyətli gün olduğunu bildirib: "Bu gün cənab Prezident İlham Əliyevin doğum günüdür. Uzun illərdir, cənab Prezidentin apardığı siyasətin avanqardında mədəniyyət xadimləri dayanır. Hər il cənab Prezidentin sərəncamı ilə müxtəlif mədəni tədbirlər keçirilir, xalqımızın mədəniyyətində önəmli yer tutan şəxslər mükafatlandırılır. Bu gün mükafatlandırılan şəxslərin arasında isə böyük nüfuza malik olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının xadimləri də yer alır. Teatra dövlət statusunun verilməsinin 100 illiyi münasibətilə cənab Prezident teatr xadimlərinə adlar verib. Digər tərəfdən müasir musiqimizin ayrılmaz hissəsi olan musiqiçilər də bu sırada yer alır".

Nazir hər il Prezidentin ad günü ərəfəsində milli oyunlardan ibarət festival keçirildiyini qeyd edib: "Çövkən da bizim milli oyunlarımızdan biridir. Artıq çövkən oyunu dünyada qəbul edilib. Bu yarış həmişə ənənəyə sadiq qalaraq, Şəkidə keçirilib. Şəki də artıq Dünya İrs Siyahısına daxil edilib. O gün olsun, Qarabağ atlarının üzərində biz Qarabağa gedək".

Ə. Qarayev ölkə başçısının cəmiyyətdə yeni ab-hava formalaşdırılması baxımından dəyərli siyasət həyata keçirdiyini də diqqətə çatdırıb: "Hər bir dövlətin qarşısında duran vəzifələr müəyyən dövrə aid olur. Hər dəfə yeni dövrə uyğunlaşmaq, buna uyğun siyasət aparmaq çox vacibdir. Prezident İlham Əliyevin zamanında ölkəmiz 20 il əvvəlkindən fərqlənir. Bu cür siyasət aparmaq yalnız böyük şəxsiyyətlərə məxsusdur. Mehriban xanım Əliyevanın fəaliyyəti, dünya miqyasında tanınması da imkan verir ki, bu ölkənin düz yolda olduğunu düşünək. Bunlar o deməkdir ki, biz mütləq və mütləq Qarabağa qayıdacaq, Şuşa, İrəvan kimi Teatrlarımızın yubileylərini öz doğma məkanlarında keçirəcəyik".

Sonra mükafatlar təqdim edilib. Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Məlik və Yalçın Adıgözəlova “Şöhrət” ordeni, müğənnilər Tünzalə Ağayeva, Miri Yusif, Röya və aktyor Kazım Abdullayevə “Xalq artisti”, Mətləb Abdullayev, Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayevə isə “Əməkdar artist” fəxri adları təqdim olunub.

Daha sonra Məsmə Aslanqızı, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Rafael Həsənov, Elxan Quliyev, Elnur Məmmədov, Hacıbaba Məmmədova “Tərəqqi” medalı, Bəsti Cəfərova, Məleykə Əsədova, Laləzar Mustafayeva və Ramiz Novruza isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR