Moskvada Qara Qarayev adına müsabiqə keçirilib

Moskvada Qara Qarayev adına müsabiqə keçirilib
  • Clock-gray 12:26
  • calendar-gray 10 Mart 2021

Moskvada dahi Azərbaycan bəstəkarı Qara Qarayevin adına musiqi müsabiqəsi keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Moskvanın Qara Qarayev adına uşaq musiqi məktəbi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə fevral-mart aylarında təşkil olunan müsabiqənin məqsədi istedadlı gənc musiqiçiləri, parlaq pedaqoji əsərləri müəyyənləşdirmək və təşviq etmək, eyni zamanda, Qara Qarayevin yaradıcılığını geniş auditoriya arasında məşhurlaşdırmaqdır.

Bu il müsabiqə ilk dəfə onlayn formatda keçirilib. Müsabiqənin bu cür formatda keçirilməsi Rusiyada və onun hüdudlarından kənarda yerləşən orta və ali musiqi müəssisələrinin tələbələri üçün bu tədbirdə fəal iştirak etmək imkanı yaradaraq, iştirakçıların dairəsini genişləndirməyə imkan verib. Müsabiqənin bu formatda keçirilməsi ideyası pandemiya ilə bağlı yaranmış vəziyyətin uğurlu həlli olub. Belə ki, imkanların çox məhdud olmasına baxmayaraq, müsabiqə bir çox ifaçıları maraqlandırıb. Bu isə öz növbəsində tədris, pedaqoji və konsert repertuarının genişlənməsinə, müəllim və şagirdlərin XX əsrin musiqi klassikləri ilə tanışlığına kömək edib.

Müsabiqənin mütləq şərti iştirakçıların öz seçimi əsasında XX əsr bəstəkarlarının akademik istiqamətdəki əsərlərinin ifası olub. Qara Qarayevin öz əsərlərinə xüsusi diqqət ayrılıb. Müsabiqənin keçirilməsinin vacib aspekti orada iştiraka görə maliyyə ödənişinin olmaması olub. Yekunda təşkilatçılar Rusiyanın müxtəlif şəhərlərindən, eləcə də Qazaxıstan, Belarus, Latviya, Türkiyə, İtaliya, Macarıstan və Polşadan olan gənc musiqiçilərdən 300-dən çox müraciət alıblar. Azərbaycanda müsabiqədə iştiraka xüsusi diqqət ayrılıb. Azərbaycanın nümayəndələri yüksək hazırlıq səviyyəsi nümayiş etdirərək çoxlu sayda mükafat qazanıblar. Müsabiqənin münsiflər heyətinin tərkibində P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorları və kafedra müdirləri yer alıb. Münsiflər heyətinin sədri Azərbaycanın xalq artisti, professor Fərəc Qarayev olub.

Qara Qarayev adına uşaq musiqi məktəbinin direktor Andrey Leonov müsabiqə haqqında danışarkən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya müsabiqənin keçirilməsinə yardım etdiyinə görə təşəkkürünü bildirib. O, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin adına müsabiqəni hər il Moskvada keçirməyi planlaşdırdıqlarını bildirib.

Fərid Əkbərov

Digər xəbərlər