Moskvada “Yeddi gözəl” baleti nümayiş olunub - FOTO

Moskvada “Yeddi gözəl” baleti nümayiş olunub - FOTO
  • Clock-gray 12:55
  • calendar-gray 10 Fevral 2021

 

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti Moskvada yeni quruluşda nümayiş olunub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, tamaşanı Moskva vilayəti Dövlət Akademik Balet Teatrı Moskva Quberniya Teatrının səhnəsində təqdim edib.

Balet Qara Qarayevin anadan olmasının 103-cü ildönümü və Nizami Gəncəvinin 880 illiyi münasibətilə tamaşaçılara yeni quruluşda nümayiş olunub.

Məşhur baletmeysterlər, Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun ssenarisi əsasında tərtib edilən tamaşanın yeni quruluşu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sabiq solisti, Azərbaycanın və Rusiyanın Əməkdar artisti, “Russkiy balet” Teatrının baletmeysteri Vitali Axundova məxsusdur.

“Russkiy balet” Teatrı bədii rəhbərinin köməkçisi Viktoriya Axundova teatrın solistlərinin “Yeddi gözəl” baletində obrazları sevə-sevə ifa etdiklərini söyləyib: “Rusiya tamaşaçıları da görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin dahi Nizaminin poeması əsasında yaratdığı baleti heyranlıqla izləyirlər”.

Qeyd edək ki, “Yeddi gözəl” baleti Moskva Quberniya Teatrının səhnəsində martın 30-da bir daha nümayiş etdiriləcək.

Fərid Əkbərov

Digər xəbərlər