Moskvadakı Jurnalistlər evində Vaqif Səmədoğlunun xatirə gecəsi keçirilib - FOTO

Moskvadakı Jurnalistlər evində Vaqif Səmədoğlunun xatirə gecəsi keçirilib - FOTO
# 13 mart 2020 12:32 (UTC +04:00)

Moskvadakı Jurnalistlər evində Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunan gecə keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı Səfirliyi, Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondu və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən gecədə şairin şeirləri və onun sözlərinə bəstələnən müsiqilər səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dostu Vaqif Səmədoğlu barədə öz xatirələrini bölüşüb: "Məsələ ondadır ki, bizim atalarımız dostluq edirdilər. Mənim atam Səməd Vurğunu bir insan, şair və dostu kimi çox yüksək qiymətləndirirdi. Mən isə Vaqiflə və qardaşı Yusiflə dostluq edirdim. Hər iki qardaş çox dərin və hərtərəfli inkişaf etmiş, fəlsəfi düşücəli insanlar idilər".

P. Bülbüloğlu V. Səmədoğlunun Moskva Konservatoriyasında təhsil aldığını, caz və klassik musiqini ifa edən gözəl pianoçu olduğunu da xatırladıb: "Vaqif Azərbaycan Milli Məclisinin deputatı kimi Avropa Şurası Parlament Assambleyasında ölkəmizi təmsil edib. Şair və musiqişi kimi onun fikirləri hər zaman eşidilib. Ona Azərbaycan nümayəndə heyəti tərəfindən və o zaman AŞPA-dakı nümayəndə heyətimzə rəhbərlik edən hörmətli prezidentimiz İlham Əliyev tərəfindən xüsusi münasibət olub".

Tədbirdə çıxış edən AYB-nin sədri Anar Moskvanın özü və dostlu Vaqif Səmədoğlu üçün xüsusi şəhər olduğunu bildirib: "Biz eyni vaxtda Moskvada təhsil almışıq. Mən ssenari kurslarında, Vaqif isə Konservatoriyada aspiranturada təhsil alırdı. Vaqif haqqında danışanda mənə elə gəlir ki, özüm haqqında danışıram. Çünki bizim yaradıcı həyatımız bir-birinə qarışıb. Mən onun barəsində dörd məqalə, o cümlədən iki kitabına ön söz yazmışam. O isə mənim bütün tamaşa və fimlərimə mahnı yazıb. Vaqif özündən sonra parlaq xatirə və nəhəng poeziya qoyub".

Şairin həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova gecənin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirərək, Azərbaycan Səfirliyinin mədəniyyət attaşesi Nigar Axundovanın rolunu xüsusi qeyd edib. Onun sözlərinə görə, yaradıcı insan həyatdan köçəndən sonra onun həyatı kitablarda, şeirlərdə və musiqilərdə yaşayır.

Gecədə Şukin adına Teatr İnstitutunun azərbaycanlı tələbələrinin, pianoçular Riad Məmmədov və Nazxanım Dadaşovanın ifasında Vaqif Səmədoğlunun şeir və mahnıları səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR