Nazirlər Kabineti üç dövlət-tarix-mədəniyyət qoruğunun əsasnaməsini təsdiqləyib

Nazirlər Kabineti üç dövlət-tarix-mədəniyyət qoruğunun əsasnaməsini təsdiqləyib
# 31 mart 2021 16:48 (UTC +04:00)

Nazirlər Kabineti 3 dövlət-tarix-mədəniyyət qoruğunun əsasnaməsini təsdiqləyib.

APA-nın məlumatına görə, bu qoruqlar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Baş nazirin qərarına əsasən, “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əsasnamələri təsdiq edilib.

Əsasnamələrə əsasən, bu qoruqlar “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli Sərəncamı ilə yaradılıb və ərazilərində yerləşən tarixi və mədəni irsə aid elementlərin, daşınar və daşınmaz abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, təbliğini, məqsədyönlü istifadəsini, qorunub saxlanılmasını və inkişafını təmin edən elmi tədqiqat müəssisəsi statusuna malik dövlət təşkilatlarıdır. Qoruqlar öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, mədəniyyət nazirinin əmrlərini, həmin Nazirliyin kollegiyasının qərarlarını, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əmrlərini və bu Əsasnaməni rəhbər tutur. Qoruqların strukturu və işçilərinin say həddi qanunvericiliklə müəyyən olunmuş qaydada Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilir.

Qoruqların fəaliyyət istiqamətləri aşağıdakılardır:

- Qoruğun ərazisində dövlət nəzarətini həyata keçirir;

- Qoruğun sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafını təmin edir;

- Qoruğun ərazisində yerləşən abidələri elmi, tarixi və mədəni cəhətdən öyrənir, onlardan məqsədyönlü istifadə olunmasını təşkil edir və qorunub saxlanılmasını təmin edir;

- Qoruğun ərazisində yerləşən abidələrin həcm-planlaşma quruluşunu qoruyur, tarix-memarlıq abidələrinin bərpasını, toxunulmazlığını və onlardan istifadə olunmasını təmin edir;

- Qoruğun ərazisində və mühafizə zonasında yerləşən tarix və mədəniyyət abidələrində aparılan konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinə nəzarət edir;

- Qoruğun ərazisində yerləşən mədəni, təbii və tarixi irsdən səmərəli istifadəni təşkil edir;

- Qoruğun sahəsinə aid dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir;

- Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR