Türkiyədə Azərbaycan xalçalarının sərgisinin açılış mərasimi keçirilib

Türkiyədə Azərbaycan xalçalarının sərgisinin açılış mərasimi keçirilib
# 14 mart 2020 15:25 (UTC +04:00)

Martın 13-də İstanbulda “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” adlı sərgi və eyni adlı kitab-kataloqun təqdimatı keçirilib.

APA-nın məlumatına görə, sərgi Türk və İslam Əsərləri Muzeyində təşkil edilib. Layihə Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Türk və İslam Əsərləri Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.

Tədbir Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 53-cü ildönümü və Azərbaycan xalça sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunub.

Qeyd edək ki, “Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” layihəsini Azərbaycan Milli Xalça Muzeyi “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində reallaşdırır. 2018-ci ildən həyata keçirilən layihənin əsas məqsədi Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasında qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatın aparılması, onun əsasında kataloqun hazırlanması və nadir xalça nümunələrinin sərgisinin təşkilindən ibarətdir.

Açılış mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Türk və İslam Əsərləri Muzeyin direkoru Seracettin Şahin, İstanbul İl Kültür və Turizm müdir müavini Mümin Yıldıztaş çıxış edərək bu layihənin hər iki qardaş ölkənin mədəni həyatında böyük əhəmiyyətindən danışıblar. Daha sonra muzey direktorları son illər ərzində muzeylərin çap etdikləri nəşrləri bir-birinə təqdim ediblər.

Rəsmi hissədən sonra qonaqlar sərgi ilə tanış olublar. İyunun 13-dək davam edəcək sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı XVII-XIX əsrlərə aid on iki ədəd nadir Azərbaycan xalçaları təqdim olunub. Onların arasında Azərbaycan xalçaçılığının unikal qoluna aid “Xətai” (“Əjdahalı”) və “Çələbi”, özünün mükəmməl bədii ornamentlərində Qarabağın gözəlliyini əks etdirən “Qoca” və qədim türk tayfalarının simvolları olan damğalarla bəzədilmiş “Dağkəsəmən” xalçaları da var. Sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı Azərbaycan xalçaları yenilənmiş atribusiya mətnləri ilə təqdim edilir.

Tədbir iştirakçıları sərgi ilə yanaşı yeni işıq üzü görmüş “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” kitab-kataloqu ilə tanış olublar. Türk və ingilis dillərində hazırlanan nəşr Türkiyə ictimaiyyətində Azərbaycan xalçaları haqqında geniş və dolğun məlumatın yaranmasına xidmət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR