UNESCO-da Azərbaycanın keçirdiyi layihələrdən danışılıb

UNESCO-da Azərbaycanın keçirdiyi layihələrdən danışılıb
# 12 fevral 2020 12:33 (UTC +04:00)

Parisdə UNESCO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının açılışı olub.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, sessiyada Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və UNESCO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov təmsil edib.

Sessiyanın gündəliyi qəbul edildikdən sonra müşahidəçilərin siyahısı təsdiqlənib və komitənin on ikinci iclasının ətraflı icmal protokolu qəbul edilib. Sonra qurumun katibliyinin 2018-2019-cu illərdə həyata keçirilmiş fəaliyyət hesabatları dinlənilib.

Nazir müavini çıxış edərək 2005-ci il konvensiyasının mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi istiqamətində əvəzsiz rolundan danışıb: “2010-cu ildən konvensiyaya qoşulan Azərbaycan mədəniyyət sahəsindəki bütün qanun və sənədlərində onun prinsiplərini cəmləşdirib. Azərbaycan çox müxtəlif etnik və dini icmalara malikdir. Bu cür mədəni zənginliyə əsaslanaraq ölkəmiz mədəni özünüifadə müxtəlifliyinə hörməti səmərəli şəkildə inkişaf etdirməyə, icmalar arasında inklüzivliyi təşviq etməyə, yaradıcılıq sahələrinin inkişafını artırmağa, vətəndaş cəmiyyəti qurumlarını və sənət adamlarını cəlb etməyə və dəstəkləməyə, eləcə də müxtəlif səviyyələrdə müasir mədəni özünüifadə dəyərləri haqqında məlumatlılığı artırmağa nail olub”.

S.Məmmədəliyeva Azərbaycanın multikulturalizm nümunəsi olduğunu vurğulayaraq deyib ki, ölkəmiz mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində öz mədəniyyət mənbələrindən fəal şəkildə istifadə edir və davamlı inkişafın təmin edilməsində mədəniyyətin əsas amillərdən biri kimi tanıdılmasının fəal tərəfdarlarındandır.

Vurğulanıb ki, mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. Ölkəmizdə hər iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rolu vurğulanıb, beynəlxalq təşkilatların, eləcə də UNESCO-nun onun əsas tərəfdaşları olduğu diqqətə çatdırılıb. 2017-ci və 2019-cu illərdə BMT-nin iki qətnaməsi ilə Forumun mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində qlobal platforma olduğu qeyd edilib. Bundan başqa, ölkəmizdə mədəni özünüifadədə hamıya bərabər imkanlar yaratmaq prinsipinə riayət edilməsindən, inklüziv layihələrin həyata keçirilməsindən danışılıb.

Yaradıcı sənayenin 2005-ci il konvensiyasının prioritet sahələrindən olduğu qeyd edilib. Yaradıcı sənaye sahələri barədə məlumatlılığı artırmaq və yerli istehsal, eləcə də yerli yaradıcı məhsul və xidmətlərin yayılması və ixracının təşviqi üçün “Kreativ Azərbaycan” portalının istifadəyə verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə sənətə və sənət adamlarına xüsusi qayğı göstərilir.

Qeyd edilib ki, UNESCO-nun qərarı ilə Bakı şəhəri təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsinə “Dizayn” tematikası üzrə daxil edilib. Azərbaycanın 2005-ci il konvensiyasının prinsiplərinə sadiq olduğu vurğulanıb.

Sessiya fevralın 15-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR