Vatikanda muzeylər iyunun 1-dən açılacaq

Vatikanda muzeylər iyunun 1-dən açılacaq
# 23 may 2020 14:45 (UTC +04:00)

Vatikanda muzeylər iyunun 1-dən etibarən yenidən ictimaiyyətə açılacaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

"3 aylıq fasilədən sonra iyunun 1-dən etibarən Vatikan muzeylərini ziyarət etmək yenidən mümkün olacaq", - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, muzeylerə baş çəkmək öncədən sifariş edilmiş bilet əsasında olacaq. Muzeylərin iş saatı da uzadılacaq.

Martın 9-dan bəri Vatikanda muzeylər koronavirus pandemiyası ilə əlaqədar bağlanmışdı.

Qeyd edək ki, mayın 18-dən İtaliyada muzeylər tədricən öz fəaliyyətini bərpa etməyə başlayıb. Mayın 28-də Kolizeyin, iyunun 3-də isə Florensiyadakı məşhur Uffizi Qalareyasının açılacağı bildirilib. İyunun 3-də isə Aİ vətəndaşları, Şengen zonasına daxil olan ölkələrin və Böyük Britaniya vətəndaşlarının İtaliyaya girişinə icazə veriləcək.

Xatırladaq ki, İtaliya Avropa regionunda koronavirus pandemiyasından ən çox təsirlənən ölkələrdən biridir. Ölkədə indiyədək 229 mindən artıq şəxs COVID-19 virusuna yoluxub, 33 minə yaxın şəxs vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR