AMEA "Salaam Cinema"nın yerləşdiyi binanın tarixi abidələr siyahısına salınmasına rəy verib

AMEA "Salaam Cinema"nın yerləşdiyi binanın tarixi abidələr siyahısına salınmasına rəy verib
  • Clock-gray 12:21
  • calendar-gray 10 İyun 2019

“Süleyman Rüstəm küçəsi 10 ünvanındakı "Salaam Cinema"nın yerləşdiyi tarixi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması üçün müraciətə müsbət rəy verilib”. 

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İntitutunun Memarliq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri Rahibə Əliyeva deyib.

Onun sözlərinə görə, "Salaam Cinema"nın yerləşdiyi binanın tarixi abidə kimi dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması ilə bağlı müraciətə artıq baxılıb: “Məktub artıq hazırlanıb, bu gün təsdiqlənib göndəriləcək”.

Qeyd edək ki, Bakının Süleyman Rüstəm küçəsində yerləşən bina 1913-cü ildə tikilib. Hazırda binada “Salaam Cinema Baku” adlı klub fəaliyyət göstərir. 2008-ci ildə özəlləşdirilən binanın sahibi bir müddət əvvəl “Salaam Cinema Baku”dan oranı boşaltmağı tələb edib. 

“Salaam Cinema Baku” klubunun əməkdaşları və tamaşaçıları binanın söküləcəyini əsas gətirərək oranı tərk etmək istəmədiklərini bildiriblər. Onlar qədim binanın qorunması üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Bundan sonra Mehriban Əliyeva özünün “İnstagram” səhifəsində açıqlama yayaraq, Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyətin dövlətin nəzarəti altında olduğunu bildirib.

Bundan sonra Mədəniyyət Nazirliyi Süleyman Rüstəm küçəsi 10 ünvanında, "Salaam Cinema"nın yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələrin siyahısına salınması ilə bağlı Nazirlər Kabinetinə müraciət ünvanlayıb. Nazirlər Kabineti isə rəy verməsi üçün AMEA-ya müraciət edib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date