Anar Kərimov Mədəniyyət Nazirliyinin tabeliyinə verilən muzeyləri ziyarət edib

Anar Kərimov Mədəniyyət Nazirliyinin tabeliyinə verilən muzeyləri ziyarət edib
# 15 sentyabr 2022 11:39 (UTC +04:00)

"Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 iyun tarixli 3337 nömrəli Sərəncamının icrası ilə əlaqədar muzeyin yaradılması istiqamətində həyata keçirilmiş işlərlə tanış olmaq məqsədilə mədəniyyət naziri Anar Kərimov və Muzey, qalereya və sərgilər şöbəsi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyini ziyarət etdilər.

Bu barədə APA-ya nazirlikdən bildirilib.

Görüş çərçivəsində nazir Anar Kərimov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Rəsul Rzanın qızı, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının baş müəllimi Fidan Rzayeva və muzeyə yeni təyin olunmuş direktor Rəsul Rzayev ilə Rəsul Rzanın ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə müzakirələr və fikir mübadiləsi aparıb.

Qeyd edək ki ki, nazirliyin müvafiq əmrinə əsasən muzeyin yerləşdiyi mənzil Mədəniyyət Nazirliyinin balansına götürülüb, muzeydə nümayiş olunacaq şairə aid əşyalar müvafiq qaydada siyahıya alınıb.

Mədəniyyət naziri Anar Kərimov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin ev-muzeyini də ziyarət edib.

Direktor Gülbəniz Babaxanlı muzeyin fəaliyyət göstərdiyi illər ərzində Hüseyn Cavid yaradıcılığının təbliği məqsədilə həyata keçirilən tədbirlər və nəşrlər barədə ətraflı məlumat verib. Anar Kərimov öz ürək sözlərini və muzey haqqında təəssüratlarını Hüseyn Cavidin ev-muzeyinin rəy kitabına qeyd edib.

Sonra Nazirliyin nümayəndələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov nazirliyin nümayəndələrini Azərbaycan ədəbiyyatının müxtəlif tarixi dövrlərini özündə əks etdirən muzeyin zəngin ekspozisiyası ilə tanış edib.

Görüşdə nazir Anar Kərimov muzeylərin yalnız Azərbaycan xalqının tarixi və mədəni ənənələrini tədqiq və təşviq etdirən, mədəni inkişaf istiqamətində əməli tədbirlər həyata keçirən, milli mədəniyyətin qorunması, zənginləşdirilməsi və inkişafında xidmətlər göstərən müəssisə kimi deyil, həmçinin elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətinin davam etdirilməsinin zəruriliyindən bəhs edib. Nazir Azərbaycan dövlətinin daim xalqın maddi-mənəvi və milli dəyərlərinin qorunub saxlanılmasına, inkişafına xidmət edən strateji siyasi kursa üstünlük verdiyi üçün cənab Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq muzeylərlə bağlı bir sıra fərman və sərəncamların imzalandığını qeyd edib.

Görüş çərçivəsində həmçinin muzey əməkdaşları ilə tanışlıq və muzeyin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Daha sonra nazir Anar Kərimov, nazir müavini Sevda Məmmədəliyeva və Nazirliyin Aparatının Muzey, qalereya və sərgilər şöbəsi Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.

Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı Nazirlik nümayəndələrini qədim zamanlardan başlayaraq bu günədək Azərbaycan tarixini əks etdirən 300 minədək eksponatın qorunub saxlanıldığı muzeyin fondları ilə tanış edib. Eyni zamanda, muzeyin nəşrləri və ekspozisiyada sərgilənən dəyərli eksponatlar barədə məlumat verdi. O, həmçinin muzeydə fəaliyyət göstərən bərpa laboratoriyası və burada həyata keçirilən bərpa və konservasiya işlərindən danışıb.

Anar Kərimov çıxış edərək Milli Azərbaycan Tarixi Muzeyinin elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətinin davam etdirilməsinin zəruriliyindən bəhs edib. O, həmçinin zəngin tariximizin daha düzgün təqdim edilməsinə, bu tarixdə indiyədək yol verilən bütün təhriflərin düzəldilməsinə ehtiyac olduğunu vurğulayıb. Nazir qeyd edib ki, muzeydə tədqiqat işinə böyük diqqət ayrılmalı, bu sahədə çalışan əməkdaşların peşəkarlığı artırılmalı və araşdırmaların xarici dillərə tərcüməsi təmin olunmalıdır. Bununla da Azərbaycanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, mədəni dəyərlərimizin tanınmasına, tariximizin qorunmasına töhfə verə biləcəyimizi muzey əməkdaşlarının diqqətinə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR