Anar Kərimov Qazax mədəniyyət işçiləri ilə görüşüb

Anar Kərimov Qazaxdakı mədəniyyət müəssisələrinə baş çəkib

© APA | Anar Kərimov Qazaxdakı mədəniyyət müəssisələrinə baş çəkib

# 31 avqust 2022 11:52 (UTC +04:00)

Mədəniyyət naziri Anar Kərimov Qazaxdakı mədəniyyət müəssisələrinə baş çəkib, işçilərlə görüş keçirib.

Bu barədə APA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, nazir Anar Kərimov Qazax rayonunun Daşsalahlı kəndində “Avey” Dövlət-Tarix Mədəniyyət Qoruğunun “Damcılı” filialına baş çəkib. Nazirə məlumat verilib ki, burada dünya əhəmiyyətli qədim Damcılı mağara düşərgəsi və çox sayda mağaralar yerləşir. Ərazidə ilk dəfə 1953-1957-ci illərdə arxeoloji qazıntılar aparılıb və Avey dağında Daş dövrünə aid 30-a yaxın mağara aşkar edilib, buradan iki minə yaxın alət tapılıb. 2015-ci ilin yayında Yaponiyanın Tokio Universitetinin muzeyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və “Avey” qoruğu arasında memorandum imzalanıb. Sənədə əsasən, yaponiyalı və azərbaycanlı mütəxəssislər bu ərazilərdə arxeoloji tədqiqat işləri aparırlar və hazırda araşdırmalar davam etdirilir.

Sonra 1970-ci ildə tikilən və vaxtilə “Yay kinoteatrı” kimi fəaliyyət göstərən Gənclərin Asudə Vaxt Mərkəzinin binasına baxış keçirilib.

Anar Kərimov 1980-ci ildən fəaliyyət göstərən Qazax rayon Mədəniyyət Mərkəzinə baxış keçirib, Qazax Dövlət Dram Teatrının, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin fəaliyyəti ilə tanış olub. Nazirə məlumat verilib ki, 1991-ci ildən fəaliyyət göstərən musiqi məktəbində 63 müəllim çalışır, 241 şagird təhsil alır.

Daha sonra Qazax rayon MKS-nin Mərkəzi Kitabxanasına gələn Anar Kərimova 500 minə yaxın kitab fondu olan kitabxana haqqında məlumat verilib.
Anar Kərimov həmçinin Qazax rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçiləri ilə görüşüb. Görüşdə Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.

Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR