Anar Kərimov UNESCO-nun Afrika ölkələrindən olan baş katiblərini qəbul edib

Anar Kərimov və Afrika ölkələrindən olan UNESCO üzrə milli komissiyaların baş katibləri

© APA | Anar Kərimov və Afrika ölkələrindən olan UNESCO üzrə milli komissiyaların baş katibləri

# 05 oktyabr 2022 18:29 (UTC +04:00)

Mədəniyyət naziri Anar Kərimovun Afrika ölkələrindən olan UNESCO üzrə milli komissiyaların baş katibləri və nümayəndələri ilə görüşü keçirilib.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, Anar Kərimov UNESCO-nun ali məqsədi olan irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsi prinsiplərinə Azərbaycanın da öz töhfəsini verdiyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” qlobal platforması haqqında danışan Anar Kərimov vurğulayıb ki, ölkəmizin belə bir hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsas səbəbi ərazisində tarixən fərqli dini mənsubiyyəti olan milli-etnik qrupların, icmaların və zəngin mədəni müxtəlifliyin olmasıdır.

Nazir həmçinin, Mədəniyyət Nazirliyi tərəfindən ötən il irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra çıxış edən ADA Universitetində ixtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılova təlim kursu haqqında danışıb.

Söyləyib ki, proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, sözügedən regionda ölkəmiz barədə məlumatlılığın artırılması, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri haqqında yeniliklərin çatdırılmasıdır.

Nərgiz İsmayılova təlim proqramının Azərbaycan və Afrika ölkələrinin UNESCO üzrə milli komissiyaları arasında əməkdaşlığı və ikitərəfli əlaqələri gücləndirəcəyinə ümidvar olduğunu bildirib, təlimə göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkür edib.

Sonda qonaqlar Beynəlxalq Muğam Mərkəzi ilə tanış olublar.

Qeyd edək ki, oktyabrın 8-də başa çatacaq proqramın iştirakçıları Azərbaycanın UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan məkanlarını da ziyarət edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR