Azərbaycan milli rəqsləri Rusiyada təbliğ olunur - FOTO

Azərbaycan milli rəqsləri Rusiyada təbliğ olunur - FOTO
# 18 mart 2023 01:30 (UTC +04:00)

Moskva Dövlət Xoreoqrafiya Akademiyasında Azərbaycanın milli rəqslərinə həsr olunan elmi-praktiki seminar keçirilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, “Azərbaycan rəqslərinin əsasları” adlı seminar Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Rəqs Ansamblının eks aparıcı solisti, Bakı Xoreoqrafiya Akademiyasının baş müəllimi Eteri Cəfərova tərəfindən təşkil olunub.

Azərbaycanın rəqs sənətinin tarixində ilk dəfə olaraq milli rəqslərimizə aid seminar Moskva Dövlət Xoreoqrafiya Akademiyasında keçirilib.

Beynəlxalq Xoreoqrafiya Akademiyasının fəxri akademiki, hal-hazırda Moskva Dövlət Xoreorafiya Akademiyasının assitent-stajoru olan Eteri Cəfərova seminar zamanı akademiyanın müəllim və tələbələrinə Azərbaycanın musiqi tarixi barədə ətraflı məlumat verib. Üzeyir Hacıbəyli, Bülbül, maestro Niyazi, Qılman Salahov kimi dahi musiqiçilərin Azərbaycanın musiqi tarixinə verdiyi töhvələrdən danışıb.

E. Cəfərova “Azərbaycanın səhnə rəqslərinin əsasını qoyanlar” («Основоположники Азербайджанского народно-сценического танца») adlı məruzə ilə çıxış edib. Təqdimat formasında olan məruzədə Azərbaycanın milli rəqs sənətinin görkəmli nümayəndələri barədə ətraflı məlumat seminar iştirakçılarının diqqətinə çatdırılıb. Şərqdə və Azərbaycanda ilk balerina, görkəmli xoreoqraf Qəmər Almaszadə, Əminə Dilbazi, Roza Cəlilova, Leyla Vəkilova, Afaq Məlikova və digər tanınmış rəqqas və xoreoqraflarımız və onların yaradıcılığı barədə danışıb. Azərbaycanın milli rəqsləri olan “yallı”, “nəlbəki”, “toy rəqsi”, “sarı gəlin” və digərləri barədə seminar iştikarçılarına tarixi və müasir kadrlardan ibarət videomateriallar Eteri Cəfərovanın şərhi ilə nümayiş olunub.

Daha sonra seminarın praktiki hissəsi keçirilib. Əməkdar artist Eteri Cəfərova akademiyanın tələbələrinə Azərbaycan rəqsləri barədə ustad dərsi keçib, Azərbaycan rəqslərinin metodikası barədə danışıb. Rusiyalı gənc rəqqaslar Eteri Cəfərovanın rəhbərliyi ilə Azərbaycanın milli rəqslərini ifa ediblər.

Akademiyanın xalq səhnə kafedrasının müdiri, professor, Rusiyanın əməkdar incəsənət xadimi İnqa Voronina Eteri Cəfərovanın apardığı seminarda iştirak etməkdən məmununluq hissi keçirdiyini bildirib: “Biz Qafqazın milli rəqslərini çox sevirik. Azərbaycanın milli rəqsləri bizə çox maraqlı gəldi. Bilirsiz bütün master-klasslar, seminarlar o zaman möhtəşəm olur ki, onu keçənlər öz işinin professionalı olurlar. Eteri Cəfərova öz peşəsinin professionalıdır, möhtəşəm rəqqasdır. Bizim akademiya üçün, tələbələrimiz üçün bu seminar, ustad dərsi çox vacibdir”.

Akademiyanın baş müəllimi, sənətşünaslıq elmləri namizədi Tatyana Paşkova Eteri Cəfərovanın yüksək ixtisaslı mütəxəssis, əsl professional olduğunu söyləyib: “Eteri Cəfərova bizim akademiyada təhsil aldığı müddətdə həm pedaqoq, həm xoreoqraf-baletmeyster, həm də repetitor kimi üç rəqs səhnələşdirib. Bizim tələbələrimiz ondan çox şeylər öyrənir, mənimsəyir. Deyə bilərəm ki, Eteri Cəfərova tələbələrimizi Azərbaycanın xalq rəqslərinin gözəlliyi və poeziyası ilə cəlb edə bilib. Bir sözlə, o ustaddır”.

Akademiyanın baletşünaslıq kafedrasının professoru Nina Litvar Eteri Cəfərovanın təhsilə açıq olduğunu bildirib. Onun sözlərinə görə, E. Cəfərovanın Azərbaycanın milli rəqsləri və mədəniyyəti barədə yazacağı dissertasiya işi həm Azərbaycan, həm də Rusiya ali təhsili üçün faydalı olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR