Azərbaycanda teatrların repertuarı nə dərəcədə yeni və aktualdır? - RƏY

Azərbaycanda teatrların repertuarı nə dərəcədə yeni və aktualdır? - RƏY
# 16 may 2022 13:07 (UTC +04:00)

Teatrların repertuarında klassik tamaşalara üstünlük verilməsi məsələsi tez-tez gündəm olur. Hansı ki bu tamaşalar, illərdir, davamlı şəkildə tamaşaya qoyulur və nəticədə adamlar bezir, teatrdan soyuyur və üz döndərir. Ardınca isə aktyor-rejissor heyəti çıxıb gileylənir ki, teatrlara gələn yoxdur. Niyə olsun? 2022-ci ilin may ayında tamaşaçı hansı əsasla uzunsaqqal bir dərvişin Parisi partlatması macərasını özü üçün maraqlı qılmalıdır? Lap istəsə belə, günün reallığı buna imkan vermir, bu, mümkün deyil.

Məsələn, bu yaxınlarda Opera və Balet Teatrında “Əsli və Kərəm” operasını çox çətinlik bahasına olsa da, izlədim. Mən şəxsən təsəvvürümə sığdıra bilmirəm ki, XXI əsrdə – internet, yüksək texnologiyalar dövründə kiməsə Kərəmin dağlara-daşlara düşüb Əslini gəzməsi maraqlı gəlsin. Bu, mümkün deyil. Zaldakı ab-hava da sözügedən situasiyanı özündə ehtiva edirdi. Hər pərdənin sonunda dərindən çəkilən ah-oflar ümumi təəssüratı tamamilə əks etdirirdi. Və nəticə etibarilə tamaşaçıların əksəriyyəti dəvət üzərinə gəldiyindən tamaşanı yarımçıq qoymağa sadəcə ar edirdilər.

Söhbət aktyorların oyunu, yaxud tamaşanın ümumi süjetindən, nə bilim, quruluşundan getmir. Getsə belə, işin bu hissəsində də fikirlərim heç də qənaətbəxş deyil. Əvvəla, musiqinin səsi çox yüksək idi, bu ilk dəqiqələrdən adamı yorurdu. İkinci bir məsələ isə, yüksək musiqinin ifaçıların səsini eşidilməz etməsi idi. Tamaşaçı ifaçının – aktyorun nə oxuduğunu başa düşmürdü. Nəticədə ümumi süjeti anlamaq bir az çətinləşirdi. Nəzərə alsaq ki, zaldakı adamların böyük bir qisminin heç dastandan xəbəri belə yoxdur, belə olan halda, onların opera haqqında fikirləri anlaşılandır.

Bütün sadaladıqlarıma rəğmən, maraqlıdır, bu tamaşalar hələ də niyə oynanılır? Niyə teatrlar öz repertuarlarını yeniləmir? Niyə yeni nəfəs, yeni ideya görünmür? Niyə bu gün üçün aktual olan mövzular işlənmir? Niyə bu günümüzün əksini səhnədə görə bilmirik?

Biz aktual repertuar, yaxud onun dövrə uyğunlaşması, ayaqlaşması deyəndə nəyi nəzərdə tuturuq? Burada söhbət bu günün qəhrəmanını yaratmaq, bu günün qəhrəmanını tamaşaçıya tanıtmaq, onu obraz kimi tamaşaçının beyninə hopdurmaqdan gedir. Bu gün üçün, istənilən halda, Lənkəran xanının vəziri, Dərviş Məstəli şah, Kərəm, onun dərdindən divanə olduğu Əsli, yaxud Leyli və Məcnun müasir qəhrəman deyil və ola da bilməz. Söz yoxdur ki, orada qoyulan problemlər müəyyən mənada bu gün də var. Amma bunu tamaşaçı qəbul edirmi? Tamaşaçı smartfon coşqusunun baş alıb getdiyi bir dövrdə keşişin qızı Əslini götürüb “Altı ay mənə vaxt ver, padşah həzrətləri” deyib yoxa çıxmasını inandırıcı şəkildə həzm edə bilirmi? Etmir. Və ondan bunu gözləmək də, ən yaxşı halda, sadəlövhlükdür.

Aydın məsələdir ki, bir teatr üçün klassik repertuar sanballı görüntü yaradır. Bu da, eyni zamanda, sovet dövründən qalma bir ənənədir. Biz sovet dövründəki repertuarlara nəzər saldıqda da eyni mənzərəni görürük – klassik repertuara yer vermək. Amma onu da nəzərə almaq lazımdır ki, teatrların bu gün özlərinin öz repertuarını təyin eləmək imkanı var. Bu təyinetmə isə mütləqdir ki, tamaşaçıya hesablanmalıdır. Teatrlar öz repertuarlarına olan marağı və biganəliyi nəzərə alıb növbəti aylarda həmin nəticələrə uyğun addım atmalıdır.

Amma bu nə dərəcədə edilir? Suallarımı götürüb üz tutdum teatrşünas Aliyə xanıma.

Aliyə xanımın fikrincə, hər bir teatrın öz estetik prinsiplərinə, aktyor heyətinə, yaradıcılıq istiqaməti və məqsədinə görə özünün repertuar siyasəti olmalıdır: “Bu sadalananlar ona görə vacibdir ki, teatrın aktyor yetişdirmə dərdi varmı, ya yox, yaxud kommersiya teatrıdırmı, ya yox kimi məsələlər repertuarı təyinetmə baxımından ən vacib məqamlardır. Sovet teatrlarında teatr repertuarında əsas 3 aparıcı istiqamət nəzərə alınırdı:

– Klassik əsərlər;

– Teatr özünün aktyor bazasını nəzərə alıb yer verdiyi tamaşalar;

– Günün nəbzini, aktuallığını özündə ehtiva edən yerli və müasir tamaşalar.

Amma dediyimiz bu qayda, sözsüz ki, qızıl qayda deyildi, bu, teatrlara görə dəyişə də bilərdi. Amma, istənilən halda, göründüyü kimi, bu prinsiplərə əməl edildikdə tamaşaçıları razı salmaq olurdu. Bəs indi necə, teatrların repertuarına baxanda hansısa bir repertuar siyasətini görə bilirikmi? Təəssüf ki, yox”.

Aliyə xanım teatrlarımız içində daha çox Gənc Tamaşaçılar Teatrının yenilik axtarışında olduğunu, yerli və müasir qələmdən çıxan tamaşalara yer verdiyini deyir:
“Bəli, bu gün teatrların ümumi repertuarına nəzər saldıqda Gənc Tamaşaçılar Teatrının daha çox axtarışda olduğunu, öz repertuarında yeni və yerli nəsil müəlliflərin əsərlərinə yer verdiyini görürük”.

“Problemin kökü nədədir?” sualına isə Aliyə xanım belə cavab verir:

“Bu gün teatrla ədəbiyyatın əlaqəsi qırılmış kimi təsir bağışlayır, çünki dram əsərləri az yazılır. Bu istiqamətdə müsabiqə və master-klasslar davamlı şəkildə keçirilməlidir ki, müasir müəlliflər dram əsərlərinə meyl salsın. Müasir xarici mətnlərin tərcüməsi isə çox zəifdir, seçim xaotik şəkildə aparılır, təhlil və sistemləşdirmə yoxdur. Bu baxımdan, teatrlar müasir repertuarlara səhnə verməkdə, bir növ, problemlə qarşılaşırlar”.

Teatrlarla ədəbiyyatın əlaqəsi məsələsi repertuara birbaşa təsir edən amildir. Teatrlar müasir müəlliflərə meydan verməkdən öncə onları kəşf etməlidir. Bu kəşf prosesi Aliyə xanımın da dediyi kimi, əlbəttə, bir günün, beş günün işi deyil. Bu proses illərlə davam edən müsabiqələr, yarışmalar və master-klasslardan asılıdır. Sadalanan mərhələlər yeni nəsil dram əsərlərinin və yeni nəsil dram əsəri yazan müəllifləri yetişdirməyə təkan verən əsas hərəkətverici qüvvələrdir. Amma müasir dövr yazıçısıdır deyə, hər tamaşanı da səhnələşdirmək olmaz. Məsələn, bu yaxınlarda Bakı Bələdiyyə Teatrında Firuz Mustafanın müəllifi olduğu “Sehrbaz” tamaşasına baxdım. Tamaşanın süjeti başdan sona qədər ancaq və ancaq hind serialı ab-havasını əks etdirirdi. Süjet isə olduqca bayağı təsir bağışladı. Yəni müasir mətn adı ilə bu cür tamaşaların da səhnələşdirilməsi yolverilməzdir.

İradlarımızın yekununda Akademik Milli Dram Teatrının və Azərbaycan Akademik Opera və Balet Teatrının sorğumuza verdiyi cavabları təqdim edib yazıya xitam verirəm:

Akademik Milli Dram Teatrından bildirilir ki, teatrın repertuarında həm klassik, həm də müasir dramaturqların əsərləri yer alıb. Cəlil Məmmədquluzadənin "Ölülər", "Dəli yığıncağı", Cəfər Cabbarlının "Almaz", Saqarelinin "Xanuma" və s. klassik nümunələri ilə yanaşı, müasir dramaturqların pyesləri əsasında hazırlanan tamaşalar təqdim olunur. Məsələn, Xalq yazıçıları Kamal Abdullanın "Bir, iki, bizimki", Elçinin "Cəhənnəm sakinləri", Əli Əmirlinin "Şah Qacar", "Ah, bu uzun sevda yolu", Yuri Polyakovun "Sinif yoldaşları", Ülviyyə Heydərovanın "İnanıram" tamaşaları böyük uğurla oynanılır. Klassikanı oxumaq, izləmək həmişə lazımdır. Amma əlbəttə, yeni baxış bucağı və müasir yanaşma olmalıdır. Bu olmayanda, klassika darıxdırıcı, köhnə və maraqsız olur”.

Akademik Opera və Balet Teatrından isə deyilib ki, teatrın repertuarı sırf klassika üzərində qurulub və klassika da heç bir vaxt köhnəlmir, ona olan tamaşaçı marağı həmişə var: “Lakin teatrımızda hər il, ən azı, 3-4 yeni quruluş həyata keçirilir. Son illərin Azərbaycan bəstəkarlarının əsərlərinə də – Elnarə Dadaşovanın “Sayalı”, Sərdar Fərəcovun “Cavad xan”, Lalə Cəfərovanın “Bir xəzər” – yer verilir. Ən əsası isə, aydın məsələdir ki, Opera və Balet janrı mürəkkəb janrdır və bu janrda əsər hər gün yazılmır. Teatra təqdim olunan əsərlər teatrının şurası tərəfindən dinlənilib təhlil edildikdən sonra tamaşaya qoyulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR