Azərbaycanın UNESCO-da səfiri: “Şəki şəhərinin tarixi hissəsi və Xan Sarayı artıq ümumbəşəri irs sayılır” - MÜSAHİBƏ

Azərbaycanın UNESCO-da səfiri: “Şəki şəhərinin tarixi hissəsi və Xan Sarayı artıq ümumbəşəri irs sayılır” - MÜSAHİBƏ
  • Clock-gray 19:05
  • calendar-gray 08 İyul 2019

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimovun APA-ya müsahibəsi

- Cənab səfir, Şəki şəhərinin tarixi hissəsinin və Xan Sarayının Ümumdünya İrs Siyahısına salınması ilə bağlı müzakirələr olduqca gərgin şəraitdə keçdi. Müzakirələri necə qiymətləndirirsiniz?

- Özünüz də müşahidə etdiniz, gərgin müzakirələr idi. Bu onun göstəricisidir ki, hansısa bir irs nümunəsinin Ümumdünya İrs Siyahısına salınması heç də asan proses deyil. Bu, müəyyən meyarların, şərtlərin icra olunmasını tələb edir. Bu da anlaşılandır. Çünki dünyada milyona yaxın irs nümunəsi var. Amma onların təxminən mindən bir qədər artığı Ümumdünya İrs Siyahısına daxil edilib. Bu o deməkdir ki, yalnız müəyyən sayda mədəni irs nümunəsi ümumbəşəri səciyyə daşıyır. Məncə, Azərbaycanın qədim şəhərlərindən biri olan, qədim ənənələrimizi özündə təcəssüm etdirən tarixi Şəki şəhəri və Xan sarayının Ümumdünya İrs Siyahısına salınması bizim üçün böyük fərəhdir.

- Şəki nominasiyası bundan əvvəl iki dəfə UNESCO-nun sessiyasında müzakirəyə çıxarılıb, lakin qəbul olunmayıb.

- Artıq altı ildir, bizim xarici və yerli ekspertlərimiz bu qovluqla bağlı işləyirlər. Bu məsələ birinci dəfə 2017-ci ildə Ümumdünya İrs Komitəsinin Krakovda keçirilən 41-ci sessiyasında müzakirə olundu. Təbii ki, orda da müəyyən problemlər üz çıxdı. Komitə o vaxtkı qərarında Şəkinin dəyərini qeyd elədi, amma müəyyən sahələrdə problemlər olduğu üçün qovluğun ölkəyə geri qaytarılmasına qərar verdi. Çünki bu obyektin saxlanılması, konservasiyası və idarə olunması kimi sahələrdə müəyyən problemlər vardı və Şəkinin o vaxtkı vəziyyəti buna cavab vermirdi. Komitə o vaxtı çoxsaylı səslə qovluğun geriyə qaytarılmasına qərar verdi, bizdən müəyyən tələblərin yerinə yetirilməsi istənildi. İki il ərzində Azərbaycan hökuməti və cənab Prezidentin qayğısı, Birinci vitse-prezidentin nəzarəti ilə xeyli iş görüldü. Müzakirələrdə də qeyd edildiyi kimi, cənab Prezidentin iki sərəncamı oldu. Dövlət Turizm Agentliyi təsis olundu. Onun tərkibində xüsusi qurum yaradıldı ki, həmin qurum sırf Şəkiyə cavabdehlik daşıyırdı. Sonra bu qurumun maliyyə və texniki imkanları gücləndirildi. Krakovda qoyulmuş tələblərə biz iki il ərzində cavab verməyə çalışdıq. Bu məlumatları bu ilin əvvəlində İCOMOS (Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurası-red.) və İrs Mərkəzinə təqdim etdik.

- İCOMOS nəyə etiraz edirdi?

- Problem ondan yaranmışdı ki, hüquqi boşluq var idi. Bu, komitə üzvləri tərəfindən də qeyd olundu. Artıq komitə dəyərini təsdiq etdiyi irsi İCOMOS inkar edə bilməz. Burda bir dilemma yaranmışdı. Bu dilemma da Şəki ilə bağlı müzakirələrdə kifayət qədər müzakirə edildi. Və müəyyən olundu ki, komitənin verdiyi qərarlara İCOMOS hörmət etməli, yenidən bu məsələyə baxmamalıdır. Artıq üzv dövlət - Azərbaycan kifayət qədər iş görüb, bunu İCOMOS tanımalıdır və bu irsin dəyərini şübhə altına almamalıdır. Gərgin müzakirələr də bunun ətrafında oldu. Komitədə bəzi ölkələr İCOMOS-un rəyini dəstəklədilər. Amma gördüyünüz kimi, müzakirələrdə əksər ölkə Azərbaycanın mövqeyini müdafiə etdi.

- Siz müzakirələr zamanı çıxışınızda belə bir ifadə işlətdiniz ki, Azərbaycan tələyə düşdü, istəməzdim başqa dövlətlər də bu cür tələyə düşsün. “Tələ” deyəndə nəyi nəzərdə tuturdunuz?

- Məhz o hüquqi boşluğu nəzərdə tuturdum. Krakovda üzv dövlət olaraq təqdim etdiyimiz nominasiya ilə bağlı qərar veriləndə biz bu tələyə düşdük. Ümid edirik ki, gələcəkdə başqa dövlətlər də bu cür tələyə düşməyəcək. Mən əminəm ki, bu müzakirələrin bir müsbət nəticəsi də o olacaq ki, prosedurlar yenidən işlənilib mükəmməl hala gətiriləcək, gələcəkdə başqa üzv dövlətlər belə problemlərlə üzləşməyəcək. Bəlkə bizim belə bir problemlə qarşılaşmağımızın yaxşı tərəfi də ondan ibarətdir ki, bu, həm komitə üzvləri, həm də İCOMOS üçün siqnal olacaq, eyni problemlər təkrarlanmayacaq, abidələrinin irs siyahısına düşməsini istəyən üzv dövlətlər bu cür çətinliklərlə üzləşməyəcək.

- İCOMOS nümayəndəsinin çıxışında bildirildi ki, tələblərin yerinə yetirilməsi ilə bağlı hesabat təqdim edilməyib.

- Burda əlavə məlumatdan söhbət gedirdi. 41-ci sessiyada verilən qərarda isə bizdən belə bir məlumat istənilməmişdi.

- İndi deyirdilər ki, istənilib?

- Yox, onlar da etiraf edirlər ki, belə bir əlavə məlumat istənilməyib. Əlavə məlumat verilmədiyi üçün də İCOMOS bu obyektin dəyəri ilə bağlı bir fikir söyləyə bilmir. Ona görə də 41-ci sessiyada qəbul etdiyi tövsiyəsini qüvvəsində saxlayırdı. Hüquqi kolliziya bundan ibarət idi. Amma biz də hesab edirik ki, İCOMOS dəyər məsələsinə qayıtmamalı idi. Çünki artıq bu irsin dəyər məsələsi, meyarlara cavab verməsi 41-ci sessiyada müzakirə edilmiş və sübuta yetirilmişdi. Bizim də fikrimiz ondan ibarət idi ki, İCOMOS Bakı sessiyasında yenidən bu məsələyə qayıtmamalı idi. Sadəcə, öz qiymətləndirməsini Krakovda verilmiş qərara əlavə etməli idi.

- Zənnimcə, Bakı sessiyasının ən gərgin müzakirəsi elə Şəki ilə bağlı oldu.

- Məncə də elə oldu.

- Hətta nahar fasiləsinə də çıxılmadı.

- Bəli. Çalışdılar ki, bu məsələni nahardan qabaq həll etsinlər. Sədr də buna çalışdı.

- Yəqin Siz də gərgin anlar yaşadınız?

- Gərgin anlar idi, çünki gördüyünüz kimi, komitə üzvlərinin hərəsinin bir fikri vardı. Amma çox yaxşı oldu ki, əksər komitə üzvü bu hüquqi boşluğun olmasını və bu hüquqi boşluqdan həm Azərbaycanın, həm komitənin, həm də İCOMOS-un əziyyət çəkdiyini səsləndirdi. Biz də bunu etiraf etdik və heç kəsi günahlandırmadıq. Biz də bildirdik ki, İCOMOS-un da hüquqi boşluğa düşdüyünü anlayırıq. Amma bir tərəfdən də biz İCOMOS-un bu ərəfədə bizimlə çox dialoqa girmədiyini diqqətə çatdırdıq. Onlar bu boşluqla bağlı nə öncə, nə də sessiya ərəfəsində müraciət etməmişdilər. Bəlkə də bu halda biz başqa çıxış yolu tapa bilər, belə çətinliklərlə üzləşməzdik.

- Şəki ilə bağlı bu dəfə də müsbət qərar qəbul olunmasaydı, məsələ bir daha müzakirəyə çıxarılmaya bilərdi?

- Yox, belə bir qayda yox idi.

- Bu dəfə də salınmasaydı, növbəti dəfə Çində keçiriləcək 44-cü sessiyada müzakirəyə çıxarıla bilərdi?

- Sözün düzü, biz belə bir ehtimala da hazır idik. Əgər Krakovda olduğu kimi, Bakı sessiyasında da nominasiya geri qaytarılsaydı, növbəti sessiyaya hazırlaşacaqdıq. Biz buna hazır idik. Hesab edirik ki, bu, bir prosesdir. Hökumətlərarası müzakirələr gedir, ekspertlər öz fikirlərini bildirirlər. Komitə qərar versəydi ki, əlavə məlumatlara ehtiyac var, komitənin qərarına hörmətlə yanaşacaq və çalışacaqdıq ki, gələn il Çində keçiriləcək sessiyaya həmin məlumatları çatdıraq, ən azı orda Şəki irs siyahısına salınsın.

- Şəkidən sonra hansı abidələrimizin Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün müraciət olunacaq?

- Bununla bağlı hələ işlər gedir. Konkret nəsə demək bir qədər çətindir. Çünki bu, uzun və çətin bir prosesdir. Gördüyünüz kimi, müxtəlif tələblər, müxtəlif tendensiyalar var. Hətta mövcud hüquqi boşluqlar ölkələrə çətinliklər yaradır. Amma nəzərə alsaq ki, bu sessiyada İran tərəfindən Hirkan meşələrinin İrana aid olan hissəsi Dünya İrs siyahısına daxil edildi, o zaman Azərbaycanın da Hirkan meşələrinin bizə aid olan hissələrini İranla birlikdə gələcək sessiyalarda təqdim etmək imkanı var. Bununla bağlı artıq müəyyən işlər görülüb, ekspertlərlə danışıqlar aparılıb, İran tərəfi ilə görüşlər keçirilib. Əminəm ki, bu danışıqlar davam etdiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu sahədə çox aktiv işləyir. Ümid edirəm ki, gələcək sessiyalarda Hirkan meşələri Ümumdünya İrs Siyahısına daxil ediləcək.

- Bir abidənin Ümumdünya İrs siyahısına daxil olması ona hansı üstünlükləri verir? Yəqin bu suala Siz daha dəqiq cavab verə bilərsiniz.

- Məncə, bunun faydasını üç komponentlə izah etmək olar. Birincisi, mədəni, ikincisi iqtisadi, üçüncü isə siyasi komponentdir. Mədəni komponent nədən ibarətdir? Mənim fikrimcə, ən vacib komponent də budur: siyahıya daxil edilmə həmin irsin qorunmasına böyük təkan verir, geniş imkanlar yaradır. Çünki artıq o irs təkcə Azərbaycanın deyil, ümumbəşəri irs sayılır və bütün dünyanın diqqəti ona artır. Həmin irsə müəyyən standartlar şamil olunmağa başlayır. Bu standartlar da həmin abidənin daha güclü qorunmasına, effektiv konservasiyasına xidmət edir. Mən hesab edirəm ki, ən böyük üstünlük budur. Biz öz mədəni irsimizi qorumalıyıq və bunun qorunmasının da ən gözəl nümunəsi beynəlxalq standartların şamil edilməsidir. İqtisadi komponent ondan ibarətdir ki, siyahıya daxil olma turizm cəlb edilməsinə xidmət edir. Bu da ölkəyə əlavə maliyyə resurslarının daxil olmasına imkan yaradır. Siyasi tərəfi isə ondan ibarətdir ki, bu, ölkənin mədəniyyətinin, irsinin tanınmasıdır. Artıq sənin irsinin beynəlxalq səviyyədə tanınmasına nail olursan.

- UNESCO-nun 43-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı da fikirlərinizi bölüşmənizi istərdik...

- Təbii ki, bizim UNESCO ilə münasibətlərimiz getdikcə güclənir. Azərbaycan 1992-ci ildə UNESCO-ya üzv olub. Münasibətlər getdikcə yüksələn xətlə inkişaf edir. Bu məsələdə mən Birinci vitse-prezidentimizin, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın adını qeyd etməliyəm. Mehriban xanım 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri olandan sonra ölkəmizin UNESCO ilə əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Əməkdaşlıq gücləndi, kifayət qədər çoxlu layihə icra edildi, Azərbaycanın irs nümunələri UNESCO-nun maddi, qeyri-maddi irs siyahılarına daxil edildi. Bizim dahi şəxsiyyətlərin yubileyləri UNESCO tərəfindən tanındı. Azərbaycan komitə üzvü seçildi. Çox məqam sadalamaq olar, qısaca onu deyim ki, 27 il ərzində Azərbaycan özünü UNESCO-da etibarlı tərəfdaş, beynəlxalq əməkdaşlığa, beynəlxalq dialoqa sadiqliyini nümayiş etdirən ölkə kimi göstərdi. 2013-cü ildən isə Azərbaycan UNESCO-nun üzləşdiyi maliyyə problemləri ilə bağlı artıq UNESCO-dan yardım alan ölkədən UNESCO-ya yardım edən, donor ölkəyə çevrildi. Bu da təbii ki, bizim mövqelərimizi daha da gücləndirdi, tərəfdaşlarımızın sayını artırdı. Bunun da strateji məqsədləri var idi. Gördüyünüz kimi, bu gün Azərbaycan UNESCO-nun ən mötəbər tədbirini keçirir. Çünki Azərbaycanın mövqeləri UNESCO-da güclənib. Bu etimad ondan irəli gəlir ki, Azərbaycan son illərdə özünü etibarlı tərəfdaş kimi göstərib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date