Azərbaycanla Türkiyə arasında nəşriyyat işi üzrə təcrübə mübadiləsi aparılıb - FOTO

Azərbaycan və Türkiyə arasında kitabxana və nəşriyyat işi üzrə təcrübə mübadiləsi aparılıb

© APA | Azərbaycan və Türkiyə arasında kitabxana və nəşriyyat işi üzrə təcrübə mübadiləsi aparılıb

# 11 mart 2022 14:50 (UTC +04:00)

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin Nəşriyyatlarla iş sektorunun müdiri Xəyal Məmmədov, həmin şöbənin baş məsləhətçisi İslam Hüseynov və Azərbaycan Milli Kitabxanasının əməkdaşı Nazim Azakovdan ibarət nümayəndə heyəti kitabxana və nəşriyyat sahələri üzrə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyəyə səfər edib.

Naizrlikdən APA-ya verilən xəbərə görə, 8-11 mart tarixlərində nümayəndə heyəti tərəfindən Türkiyə Naşirlər Birliyi, Naşirlərin Peşə Birlikləri Federasiyası (YAYFED), Türkiyə Çap Yayın Peşə Birliyi (TBYM), Nəşriyyatların Müəlliflik Hüququ və Lisenziyalaşdırma Peşə Birliyi (YAYBİR) və TÜYAP-ın idarə heyəti ilə görüşlər keçirilib, iki ölkə arasında müvafiq sahə üzrə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq perspektivləri və Türkiyənin 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində, Azərbaycanın isə 39-cu İstanbul Beynəlxalq Kitab Sərgisində fəxri qonaq statusunda iştirakına dair təşkilati məsələlər müzakirə edilib.

Həmçinin nümayəndə heyəti martın 9-da Atatürk Mədəniyyət Mərkəzində keçirilən Naşirlərin Fikir Maratonu (Ideathon) və Beynəlxalq Ədəbi Tərcümə Proqramının qaliblərinin mükafatlandırma mərasimində iştirak edib, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 9-11 mart tarixlərində təşkil olunan beynəlxalq standart eyniləşdirmə nömrələri – ISBN (International Standard Book Number), ISMN (International Standard Music Number), ISSN (International Standard Serial Number), Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri (AKİS), elektron kitabxanalar, TEDA proqramı (Türkiyə Ədəbiyyatının Dünyaya Açılışı), OLP (Open License Program) üzrə təlimlərə qatılıb və Türkiyənin IPA (İnternational Publishers Associaton) və IFRRO ilə (International Federation of Reproduction Rights Organisations) əməkdaşlıq təcrübəsi müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR