Bakıda beynəlxalq caz festivalı keçiriləcək

Bakıda beynəlxalq caz festivalı keçiriləcək
# 05 sentyabr 2022 17:12 (UTC +04:00)

23-30 sentyabr tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.

Nazirlikdən APA-ya verilən xəbərə görə, builki festivala 14 ölkədən onlarla tanınmış və istedadlı caz ifaçıları dəvət alıb.

Festivalın proqramı çərçivəsində İtaliya, Fransa, Türkiyə, Lüksemburq, Macarıstan, İsveçrə, Norveç, İsrail, Belçika, Niderland Krallığı, Almaniya, Braziliya, Argentina və Azərbaycandan olan tanınmış ifaçılar çıxış edəcəklər.

Festival çərçivəsində Bakı sakinləri və şəhərimizin qonaqları ödənişsiz konsertləri də izləyə biləcəklər. Belə ki, sentyabrın 23-də Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək festivalın açılışı, QGallery-də art sərgi, YARAT Yaradıcılıq Mərkəzində caz filmin nümayişi bu qəbildən olan tədbirlərdəndir. İzləyicilər həmçinin canlı musiqi ilə City Jazz Tour avtobusu ilə paytaxtı seyr edə biləcəklər.

Caz Festivalının proqramına hər il "I am Jazzman!" caz ifaçılarının müsabiqəsi daxildir və bu müsabiqənin məqsədi gənc istedadları üzə çıxarmaqdır. Bu il müsabiqənin peşəkar münsiflər heyətinə Türkiyə, Fransa və Azərbaycandan olan musiqiçilər daxil olacaqlar.

Bakı Caz Festivalı haqqında ətraflı məlumatları festivalın saytından www.bakujazzfestival.com əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR