Bakıda Əhməd bəy Ağaoğlunun 150 illiyi münasibətilə yubiley mərasimi keçirilib

Bakıda Əhməd bəy Ağaoğlunun 150 illiyi münasibətilə yubiley mərasimi keçirilib
# 02 oktyabr 2019 19:38 (UTC +04:00)

Oktyabrın 2-də M.Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycanın görkəmli mütəfəkkiri, ictimai və dövlət xadimi Əhməd bəy Ağaoğlunun anadan olmasının 150-ci ildönümü münasibətilə yubiley mərasimi keçirilib.

APA xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, digər dövlət rəsmiləri, tarixçi və alimlərlə yanaşı xarici ölkələrdən gəlmiş tarixçi-alimlər iştirak ediblər. Əhməd bəy Ağaoğlunun Türkiyədə yaşayan nəvəsi və nəticələri də tədbirdə olublar.

Tədbirdə Əhməd bəy Ağaoğlu haqqında çəkilmiş bədii-sənədli film nümayiş etdirilib.

Həmçinin Filarmoniyanın foyesində fotosərgi və Ə.Ağaoğlu mövzusunda kitabların sərgisi təşkil edilib.

Qeyd edək ki, yubiley tədbirləri çərçivəsində AMEA Milli Azərbaycan Tarixi Muzeyində Beynəlxalq Əhməd bəy Ağaoğlu Simpoziumu keçiriləcək.

Simpoziumda Azərbaycan, eləcə də Türkiyə, Rusiya və Hollandiyadan gəlmiş mütəxəssislər iştirak edəcəklər.

Tədbirdə iştirak edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə Ə.Ağaoglu haqqında fikirlərini bildirib. O qeyd edib ki, Əhməd bəyin bütün ömrü mübarizə şəraitində keçib:

"O, daim düşünürdü ki, müsəlmanlar niyə geri qalırlar. O deyirdi ki, müsəlmanlar Avropa dəyərlərini nəzərə alıb bu haqda düşünməlidirlər. Tarixçilər qeyd edirlər ki, bu məsələ onu gənc yaşlarından düşündürüb".

Akademik bildirib ki, Ə.Ağaoğlu əsərlərində insan azadlığını, qanunun aliliyini vacib sayırdı.

"Əhməd bəy qadın azadlığı haqqında da düşünürdü", - deyə A.Əlizadə əlavə edib.

Ağaoglu irsinin araşdırıcısı, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev də Ə.Ağaoğlu haqqında danışıb. O bildirib ki, yubiley çox əlamətdar binada keçirilir:

"110 il əvvəl Azərbaycana düşmən kəsilənlər bir neçə dəfə Əhməd bəyi bu binada döyməyə təşəbbüs göstəriblər. 110 il sonra isə yüzlərlə adam Əhməd bəyi yad etməyə bu binaya yığışıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR