Bakıda “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” səyyar sərgisi keçirilir - FOTOSESSİYA

Bakıda “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” səyyar sərgisi keçirilir - FOTOSESSİYA
# 13 sentyabr 2019 17:46 (UTC +04:00)

Sentyabrın 13-də Bakı Fotoqrafiya Evində “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı bədii səyyar foto sərgisi nümayiş olunub.

APA-nın məlumatına görə, səyyar foto sərgisi “İçərişəhər” Muzey Mərkəzinin, Ukraynanın Azərbaycandakı səfirliyinin, eləcə də İ.Franko adına Ukrayna ictimai təşkilatının dəstəyi ilə baş tutub.

Sərgidə monastırın XIX, XX, XXI əsrlərə dair retrospektiv fotoları nümayiş olunub.

İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova bildirib ki, sərgidə təqdim edilən fotolar əsasən, Kiyev-Peçora monastır ansamblının memarlığından bəhs edib: "Kompleks XI əsrdən XX əsrədək müxtəlif dövrləri əhatə edən 140 milli-mədəni irs abidəsini, o cümlədən iki mağara kompleksini özünə daxil edir. Kiyev-Peçora monastırı özünün çoxəsrlik tarixində işğalçılar tərəfindən dəfələrlə dağıdılıb. Təbii fəlakətlər də ondan yan keçməyib. Xüsusilə XX əsrdə monastırın tale payına ağır sınaqlar düşüb. Fotolarda II dünya müharibəsi zamanı Kiyev-Peçora monastırının dağıdılmasını görmək olar. Lakin Ukrayna xalqının səyləri nəticəsində milli ziyarətgah bərpa edilib. Artıq müstəqillik illərində əsasən məbəd - Uspenski baş kilsəsi əvvəlki halına qaytarılıb".

Kiyev-Peçora monastırının elmi tədqiqat şöbəsinin müdiri, arxeoloq və səyyar sərginin kuratoru Konstantin Konstaniviç Krayni qeyd edib ki, monastırının ərazisində XX əsrə qədər xəstəxana, tipoqrafoya fəaliyyət göstərib: "Təəssüf ki, biz XIX əsrə qədər monastırın görüntüləri bizə məlum deyil. Buna görə də Kiyev-Peçora monastırının görməli yerlərinin orta əsrlərdə necə olması barədə dəqiq məlumat yoxdur. Yazılı dəlil və rəsmlər, yalnız ümumi mənzərə yaradır. XIX əsrin ortalarında fotoqrafiyanın meydana gəlməsi sayəsində, biz artıq "sənədləşdirilmiş" vizual tarixi görürük".

K.Krayni sərgidə Kiyev-Peçora monastırının XIX əsrin 70-80-ci illərindəki ilk məlum fotoları ilə yanaşı, müasir görüntülərinin də təqdim edildiyini vurğulayıb: "1990-cı ildə UNESCO-nun Ümumdünya mədəni və təbii irsin qorunması üzrə dövlətlərarası Komitəsinin 14-cü sessiyasında Kiyev-Peçora monastırı memarlı kompleksinin müstəsna əhəmiyyəti nəzərə alınaraq, abidələrinin Ümumdünya mədəni irs siyahısına daxil edilib".

Qeyd edək ki, sərgi sentyabrın 26-dək Bakıda, sentyabrın 28-dən oktyabrın 5-dək Sumqayıt şəhərinin Tarix Muzeyində nümayiş olunacaq.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR