Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub

 Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub
# 14 noyabr 2019 18:46 (UTC +04:00)

Noyabrın 14-də Azərbaycan Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub.

APA-nın məlumatına görə, konfrans Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkilatçılığı ilə təşkil edilib.

Muzeyin direktoru Şirin Məlikova açılış nitqi ilə çıxış edərək konfransın muzeyin təsisçisi, xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun doğum gününə, eyni zamanda Azərbaycan xalça sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil olmasının ildönümünə təsadüf etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, İtaliya, Gürcüstan, Serbiya, Albaniya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Argentina və Tailanddan olan mütəxəssislərin qatıldığı konfransda 39 nəfərin məruzəsi dinləniləcək: "Onların çıxışı rəqəmsal dünyada tekstil muzeyləri, tekstil kolleksiyalarında innovativ iş üsulları, layihə menecmenti, kuratorluq işi və təqdimatların keçirilməsi, tekstil muzeylərində konservasiyanın özəllikləri, ziyarətçilərlə iş mövzularını əhatə edəcək".

Mədəniyyət nazirinin müavini Vaqif Əliyev isə çıxışında konfransın xalqımız üçün çox böyük əhəmiyyəti olduğunu vurğulayıb: "Belə bir konfransın təşkili və bu qədər alimin, tədqiqatçının konfransda iştirakı milli sərvətimiz olan xalçalara, milli-mənəvi tariximizə olan maraqdan doğur. Çünki xalça Azərbaycan xalqının milli sərvətidir. Bu sərvət tarixən qorunub nəsildən-nəslə ötürülüb. Hesab edirəm ki, xalça bizim tariximizin təcəssümüdür. Bu gün də biz hər bir xalçaya baxarkən qədim insanlarımızın yaşayış tərzi, həyat fəlsəfəsi ilə tanış ola bilərik".

Nazir müavini xalçaçılıq sənətinə çox böyük sənətkarların töhfə verdiklərini də vurğulayıb: "Onlardan biri də Lətif Kərimov olub. O, xalçaçılıq sənətinin yaşamasında çox böyük işlər görüb. Bu gün olduğumuz muzeyin inşası isə Azərbaycan prezidenti cənab İlham Əliyevin mədəniyyətimizə qayğısının nəticəsidir. Muzey xalça sənətinin qorunmasında və gələcək nəsillərə ötürülməsi naminə əhəmiyyətli işlər görür”.

Sonra muzeyin 50 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalça Muzeyi” adlı kitab təqdim olunub. Kitabda muzeyin yaranması və fəaliyyəti, Muzeyin eksponatları haqqında məlumatlar yer alır.

Daha sonra Azərbaycan Milli Xalça Muzeyinin Latviyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində latviyalı modelyer Evita Smanuhinanın “Frozen Dreams” adlı moda nümayişi təqdim olunub. İki ölkə adasında mədəni əlaqələrin möhkəmləndirilməsindən danışan Latviyanın Azərbaycandakı səfiri Danis Qarançs belə tədbirlərin xalqlar arasında əməkdaşlığın güclənməsinə xidmət etdiyini vurğulayıb.

Modelyer Evita Smanuhina isə moda nümayişində LLmood konsepsiyasına uyğun kətan və yundan hazırlanan geyimlərin təqdim edildiyini diqqətə çatdırıb.

Moda nümayişindən sonra qonaqlar özbək ipək toxuculuq texnologiyasına həsr edilən “İpək hekayətlər” sərgisi ilə tanış olublar. Sərgi “ikat” istehsalının bütün mərhələlərini əks etdirir. Ekspozisiyanın mühüm hissəsini qədim “ikat”, ənənəvi geyimlər, süzanə, interyer tikmələrin növləri, xovlu xalçalar, milli geyim nümunələri təşkil edir.

Konfrans noyabrın 17-dək davam edəcək.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR