Beynəlxalq elmi-praktik konfransın iştirakçıları Füzulidə olub

Beynəlxalq elmi-praktik konfransın iştirakçıları Füzulidə

© APA | Beynəlxalq elmi-praktik konfransın iştirakçıları Füzulidə

# 19 sentyabr 2022 10:40 (UTC +04:00)


Şuşada keçiriləcək “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransın iştirakçıları Füzulidə erməni vandalizminin şahidi olublar.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdəki Xüsusi Nümayəndəliyinin əməkdaşı Araz İmanov konfrans iştirakçılarına erməni vandalizmi barədə danışıb.

Məlumat verilib ki, ermənilər Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar. İşğalçılar Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən olmuş Füzulidə bir dənə də olsun salamat bina qoymayıb, hər şeyi talan ediblər. Ermənilər, həmçinin işğal dövründə dini abidələri – məscidləri, monastırları, kilsələri dağıdıblar.

Diqqətə çatdırılıb ki, Qarabağda erməni vandalizminə məruz qalan yaşayış məntəqələrindən biri də Füzuli rayonunun Merdinli kəndidir. Erməni vandalları 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Bütün evlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Bildirilib ki, ermənilər tərəfindən kənd ərazisindəki məsciddə heyvan saxlanılıb. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub, cəsədlər qazılaraq çıxarılıb.

Sonra konfrans iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Burada qonaqlara beynəlxalq hava limanı barədə məlumat verilib. Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı Azərbaycan hökuməti tərəfindən cəmi 9 ay ərzində ən müasir səviyyədə inşa olunub və hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var.

Sonda qonaqlar Füzuli şəhərində olublar. Onlara Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri barədə məlumat verilib. Konfrans iştirakçıları burada ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi gözləri ilə görüblər.

Konfrans iştirakçılarına, həmçinin Füzulidə görülən bərpa və yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri sürətlə davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR