Əbülfəs Qarayev Latviya, İordaniya və İndoneziyanın Azərbaycandakı səfirləri ilə görüşüb

Əbülfəs Qarayev Latviya, İordaniya və İndoneziyanın Azərbaycandakı səfirləri ilə görüşüb
# 04 dekabr 2019 16:59 (UTC +04:00)

Dekabrın 4-də Mədəniyyət naziri Əbülfəs Qarayev Latviya, İordaniya və İndoneziyanın Azərbaycandakı səfirlərini qəbul edib.

APA-nın məlumatına görə, nazir Latviyanın yeni təyin olunmuş səfiri Dainis Garançs ilə görüşdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçiriləcək tədbirlərə dair Fəaliyyət Planının işlənib hazırlanmasının vacibliyini vurğulayıb.

Ə.Qarayev Azərbaycanın Latviya ilə yaradıcı mədəniyyət sənayeləri istiqamətində də qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Səfir D.Garançs səmimi qəbula görə nazirə təşəkkürünü bildirib və birgə həyata keçiriləcək layihələrdə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Mədəniyyət naziri Əbülfəs Qarayevin İordaniya Haşimilər Krallığının ölkəyə yeni təyin olunmuş səfiri Sami Abdullah Ğoşehi ilə görüşündə iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, birgə film festivallarının və sərgilərin təşkili, əməkdaşlığın gələcək perspektivləri, təcrübə mübadiləsi, həmçinin həyata keçiriləcək layihələr ətrafında müzakirələr aparılıb.

Nazir ölkələr arasındakı dostluq münasibətlərinin mədəniyyət sahəsində də əməkdaşlığın inkişafına təsir etdiyini diqqətə çatdırıb.

İordaniya səfiri iki ölkə arasında mövcud olan mədəni əlaqələri yüksək qiymətləndirib, əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını bildirib.

Daha sonra Əbülfəs Qarayev İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fananini qəbul edib.

Azərbaycanla İndoneziya arasında humanitar sahədə əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edən nazir bu sahədə daha geniş imkanların olduğunu bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən diplomat ölkələr arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, mədəniyyət sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılması əhəmiyyət kəsb edir.

Səfir yaxın gələcəkdə İndoneziyada Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında eyniadlı filmin ərsəyə gətirildiyini və geniş ictimaiyyətə çatdırılması istiqamətində hazırlıqların getdiyini söyləyib.

Sonda nazir qonaqlara uğurlar arzulayıb və filmin işıqlandırılması ilə bağlı nazirlik tərəfindən dəstək verilməsinə hazır olduqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR