Əbülfəs Qarayev Saatlıda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Saatlıda vətəndaşları qəbul edib
# 17 dekabr 2019 12:50 (UTC +04:00)

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, dekabrın 17-də Mədəniyyət naziri Əbülfəs Qarayev Saatlıda, nazir müavini Rafiq Bayramov isə Hacıqabulda vətəndaşlarla görüşüb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.

Nazir Saatlı rayon Mədəniyyət Mərkəzində Saatlı və Sabirabaddan olan vətəndaşları qəbul edib. Görüşdə sakinlər tərəfindən region muzeylərində qorunan qiymətli eksponatlar haqqında nəşrlərin hazırlanması, Bakı şəhərində fəaliyyət göstərən teatrlarda istifadə olunmayan geyimlərin bölgələrdəki mədəniyyət mərkəzlərinə verilməsi, “Adıgün” xalq folklor kollektivinin (Saatlı rayonu) 50 illiyi münasibətilə mükafatlandırılması, kitabxanaların uşaq ədəbiyyatı, musiqi məktəbinin musiqi alətləri ilə təchizatına dair müraciətlər səslənib.

Qəbulda həmçinin Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində mədəniyyət sahəsi üzrə ixtisasların açılması, “Kitab karvanı” layihəsinin regionlarda mütəmadi olaraq keçirilməsi, Saatlı Dövlət Rəsm Qalereyasının fondunun zənginləşdirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər edilib.

Nazir müavini R.Bayramovun Hacıqabuldakı Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda rayon sakinlərinin müraciətləri uşaq musiqi məktəblərində ustad dərslərinin təşkili, gənc mədəniyyət işçilərinin rəsm, milli rəqs, teatr sahələri üzrə bacarıqlarının üzə çıxarılması məqsədilə kurslara ezam olunması, kitabxana fondlarının uşaq ədəbiyyatı ilə komplektləşdirilməsi, uşaq musiqi məktəblərinə musiqi alətlərinin verilməsi və digər məsələlərlə bağlı olub.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi görüşlərdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR