Əbülfəs Qarayev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

Əbülfəs Qarayev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
# 28 fevral 2020 18:13 (UTC +04:00)

Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 28-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin baş direktoru Okan İbişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə yüksək səviyyəli əməkdaşlıq, tarixi dostluq, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrindən söhbət açılıb.

Qeyd olunub ki, bir millət-iki dövlət olaraq xarakterizə olunan Azərbaycan-Türkiyə respublikaları arasında münasibətlər hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb. Qardaş ölkələrin mədəniyyət sahəsi üzrə əməkdaşlığı da yüksək mərhələsini yaşayır.

Əbülfəs Qarayev qonaqları salamlayaraq, xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin birgə əməkdaşlığa mühüm töhfə verdiyini bildirib: “Mədəni sahədə həyata keçirilən layihələr, təşkil olunan tədbirlər ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır. Bu birlik dünya müstəvisində də birgə addımlamağa kömək edir. Bu sahədə aparılan ən uğurlu işlərin nəticəsi UNESCO-nun müxtəlif siyahılarına birgə təqdim olunan nominasiyalarıdır”.

Nazir bildirib ki, bu əməkdaşlığın davamı olaraq növbəti illərdə də birgə nominasiya fayllarının hazırlanması nəzərdə tutulur: “Bu əməkdaşlığın təkcə UNESCO deyil, TÜRKSOY və İSESKO çərçivəsində də gücləndirilməsi olduqca vacibdir”.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin baş direktoru Okan İbiş qəbula görə təşəkkürünü bildirib və tarixi əlaqələrə dayanan bu münasibətlərin yüksək səviyyədə davam etməsi istiqamətində əməkdaşlığa hər zaman hazır olduqlarını vurğulayıb.

Sonda nazir müavini Sevda Məmmədəliyeva ilə Okan İbiş UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına birgə təqdim olunacaq nominasiya faylları ilə bağlı anlaşma sənədini imzalayıblar.

Qeyd olunub ki, bu sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Strateji Əməkdaşlıq sahəsindəki görüşlərinin məntiqi nəticəsi və mədəniyyət sahəsindəki əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR