Əbülfəs Qarayevin iştirakı ilə mədəni irs sahəsində çalışan mütəxəssislərin videokonfransı olacaq

Əbülfəs Qarayevin iştirakı ilə mədəni irs sahəsində çalışan mütəxəssislərin videokonfransı olacaq
# 15 aprel 2020 14:28 (UTC +04:00)

Aprelin 17-də Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə ölkə üzrə mədəni irs sahəsində çalışan tanınmış mütəxəssislərin iştirakı ilə geniş videokonfrans təşkil olunacaq.

Bunu APA-ya açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib.

Onun sözlərinə görə, dünyada 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur: “Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunurdu. Bu il isə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb”.

F.Hüseynli koronavirus infeksiyası səbəbindən tətbiq edilən sosial izolyasiya tədbirləri və karantin rejimi ilə bağlı Dövlət Xidmətinin öz fəaliyyətini Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və tövsiyələri əsasında davam etdirdiyini vurğulayıb: “Dövlət Xidməti, eləcə də tabe qoruqlar öz fəaliyyətini videokonfans rejimində tənzimləyir. Yaranmış vəziyyətlə əlaqədar olaraq bütün qoruqlar ziyarətçilər üçün online rejimdə fəaliyyət göstərir, tarixi məkanlara videoturlar hazırlayaraq sosial şəbəkələr vasitəsi ilə yayımlayırlar. Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə də videokonfranslar təşkil olunur. Bu konfranslara ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan, Belçika, İran, Monqolustan və bir sıra digər ölkələrin mədəni irs sahəsində tanınmış mütəxəssisləri qatılaraq məruzələrlə çıxış edir, fikri mübadiləsi aparılır”.

Qeyd edək ki, UNESCO-nun Dünya İrsi Mərkəzinin məşvərətçi orqanı olan və 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 12 min nəfərə yaxın fərdi üzvü özündə birləşdirən İCOMOS memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR