Çin Xalq Respublikasının nümayəndə heyəti Milli Xalça Muzeyində olub

Çin Xalq Respublikasının nümayəndə heyəti Milli Xalça Muzeyində olub
# 21 sentyabr 2019 14:07 (UTC +04:00)

Ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 21-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib. Xəbərə görə, muzeylə tanışlıq zamanı Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev və muzeyin direktoru Şirin Məlikova qonaqlara ölkəmizdə qədim xalçaçılıq ənənələri haqqında ətraflı məlumat veriblər.

Xovlu və xovsuz xalçalar, xalça məmulatları, xüsusilə məfrəş və çul, dəvəli şəddə qonaqların böyük marağına səbəb olub. Ekspozisiya ilə tanış olarkən qonaqlar canlı olaraq toxuculuq prosesini izləyib, toxucularla söhbət ediblər.

Muzeylə tanışlıqdan sonra Li Canşu muzeyin xatirə kitabında öz təəssüratlarını qeyd edib.

Fəxri qonağa Azərbaycan Milli Xalça Muzeyinin 50 illik fəaliyyətinə həsr olunmuş kitab və xalça hədiyyə edilib. Xalça muzeyin Ənənəvi texnologiya şöbəsində toxunub. Özündə xovlu və xovsuz texnikalarını birləşdirən nümunədə dəvə karvanı əks olunub. Bu da İpək Yolu mövzusunu əks etdirir.

Li Canşu təşəkkürünü bildirərək muzeylə tanışlıqdan çox məmnun olduğunu deyib. Çin Xalq Respublikası nümayəndə heyətinin başçısı milli irsin qorunması, zəngin kolleksiyaların toplanması, qədim xalça sənətinin bu gün də yaşadılması və gələcək nəsillərə çatdırılması işinin Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmasını məmnunluqla qeyd edib. O, gələcəkdə iki ölkənin xalça və tikmə sənətkarları arasında təcrübə mübadiləsinin aparılması və ustad dərslərinin keçirilməsini təklif edib, mədəniyyətlərimizin təbliği sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR